RUSİYA

Ərdoğan Putinlə taxıl müqaviləsini müzakirə edib

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.
Sputnik
BAKI, 1 noyabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı taxıl sazişi ətrafında vəziyyəti müzakirə edib. Bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı regional məsələlər, xüsusilə Rusiya-Ukrayna müharibəsində baş verən son hadisələr müzakirə olunub. Prezident Ərdoğan bildirib ki, Ankara taxıl tədarükü üzrə İstanbul Memorandumunun icrası ilə bağlı problemlərin həlli üçün bütün tərəflərə lazımi təşəbbüsləri davam etdirəcək”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Ərdoğan taxıl tədarükü ilə bağlı həll yolunun tapılacağına əminliyini ifadə edib.
“Bir çox başqa məsələlərdə olduğu kimi bu (taxıl sövdələşməsi) məsələdə də Ankara ilə Moskvanın həll yönümlü əməkdaşlıq quracağına əmin olduğunu bəyan edən prezident Ərdoğan taxıl böhranının konstruktiv yanaşma ilə həllinin danışıqlara (Moskva və Kiyev arasında) qayıtmaq üçün atılacaq addımları təşviq edəcəyini bildirib", - deyə məlumatda bildirilir.