RUSİYA

Türkiyənin müdafiə naziri Rusiya ilə "taxıl sazişi"nə dair danışıqlar aparır

Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzində çalışan rusiyalı heyət hələ də Mərkəzdədir və vəziyyət tam şəkildə qaydaya düşənə qədər Ukrayna limanlarından çıxan gəmilərin taxıl koridoru üzrə hərəkəti dayandırılacaq.
Sputnik
BAKI, 30 oktyabr - Sputnik. Rusiya oktyabrın 29-da Sevastopolda həyata keçirilən hücumlardan sonra “taxıl sazişinin”də iştirakını müvəqqəti olaraq dayandırdığını Türkiyəyə bildirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzində çalışan rusiyalı heyət hələ də Mərkəzdədir və vəziyyət tam şəkildə qaydaya düşənə qədər Ukrayna limanlarından çıxan gəmilərin taxıl koridoru üzrə hərəkəti dayandırılacaq.
Digər tərəfdən, İstanbul boğazın ətrafında gözləyən taxıl yüklü gəmilərin yoxlanılması bu gün və sabah davam edəcək.
“Problemin həlli və bu günə qədər koordinasiyalı şəkildə uğurla həyata keçirilən taxıl təşəbbüsünün fəaliyyətinin davam etdirilməsi üçün milli müdafiə nazirimiz cənab Hulusi Akar həmkarları və müvafiq orqanlar ilə danışıqlarını və koordinasiyasını davam etdirir”, - deyə nazirlikdən vurğulanıb (APA).
Əlavə olunub ki, Türkiyə tərəfi danışıqların davam etdirilməsinin və mənfi təsir göstərəcək hər hansı təxribatın qarşısının alınmasının tərəfdarıdır:
“Türkiyə Cümhuriyyəti indiyə qədər olduğu kimi bölgədə sülhün və humanitar yardımın təmin edilməsində üzərinə düşəni etməyə davam edəcək”.
Rusiya Müdafiə Nazirliyinin şənbə günü yaydığı məlumata görə, Sevastopol sularında terror aktı ilə əlaqədar Ukrayna limanlarından məhsulların ixracında iştirakını dayandırıb.
Oktyabrın 29-da səhər tezdən Kiyev Qara dəniz donanmasının gəmilərinə və Sevastopol bazasının xarici və daxili yollarında olan mülki gəmilərə hücum edib. Hücuma məruz qalan gəmilər və infrastruktur Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar marşrutun idarə olunmasında istifadə edilib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, terror aktının hazırlanması və Ukraynanın 73-cü Xüsusi Dəniz Əməliyyatları Mərkəzinin hərbi heyətinin təlimi britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirilib.
İyulun 22-də BMT-nin himayəsi altında İstanbulda Ukrayna, Türkiyə və Rusiya Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz ixracının bərpasına dair saziş imzalayıblar. Bu sənəd Ukraynanın kənd təsərrüfatı məhsullarının üç Ukrayna limanından daşınması üçün humanitar dəhlizin yaradılmasını nəzərdə tutur ki, bu da öz növbəsində qlobal ərzaq böhranının qarşısının alınmasına təsir etməlidir.
Lakin, oktyabrın 29-u Rusiya rəsmi olaraq Krımda eyni gündə baş vermiş partlayışlarla əlaqədar “taxıl sazişi”ndən çıxdığını təktərəfli qaydada bəyan edib.
RUSİYA
Türkiyə "taxıl sazişi" ətrafında yaranmış vəziyyətlə bağlı Rusiya ilə danışıqlar aparır