BAKI, 30 oktyabr - Sputnik. Azərbaycanın Koreya Respublikasındakı səfirliyi bir gün əvvəl Cənubi Koreyanın paytaxtında 150-dən çox insanın həlak olmasından sonra ölkədə elan olunmuş milli matəmlə əlaqədar noyabrın 1-də Seulda keçirilməsi nəzərdə tutulan “Muğam axşamı” tədbirini təxirə salıb. Bu barədə diplomatik idarədən bildirilib.
“Səfirlik tərəfindən 2022-ci il noyabrın 1-də Şuşa Şəhəri İli çərçivəsində Seulda planlaşdırılan Muğam Gecəsi tədbiri Cənubi Koreyada elan edilmiş milli matəmlə əlaqədar 2022-ci il noyabrın 5-dək təxirə salınıb”, - deyə səfirliyin Twitter hesabında yayımlanan bəyanatda bildirilir.
Diplomatik missiya əlavə edib ki, gecənin keçiriləcəyi yeni tarix daha sonra elan olunacaq.
Şənbə günü Cənubi Koreyanın Seul şəhərində Hellouin şənlikləri zamanı yaranan kütləvi izdihamda ən azı 153 nəfər həlak olub. Ölənlər arasında 97 qadın var.
Faciə nəticəsində həmçinin 82 nəfər xəsarət alıb, onlardan 19-nun vəziyyəti ağırdır.
Həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan, Rusiya vətəndaşları da var. Hadisədə ölənlərin çoxunun 30 yaş civarındakı gənclər olduğu bildirilir.
Bundan əvvəl Azərbaycanın Koreya Respublikasındakı səfirliyi hadisə zamanı respublika vətəndaşlarından heç birinin xəsarət almadığını bildirmişdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev və respublikanın Xarici İşlər Nazirliyi bazar günü Cənubi Koreya hökumətinə və xalqına hadisədə həlak olanlarla bağlı başsağlığı verib.