BAKI, 30 oktyabr - Sputnik. Polşa hakimiyyətinin öz ərzasində ABŞ-ın nüvə silahını yerləşdirmək planları ilə bağlı açıqlamaları Rusiyada narahatlıq doğurur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Birinci Kanal"ın efirində deyib.
"Polşa amerikalıların öz nüvə bombalarını onların da ərazilərində yerləşdirilməsini istəyir. Bu vəziyyət çox narahatlıq doğurur", - deyə diplomat bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, Qərbdə NATO-nun nüvə imkanlarının gücləndirilməsi haqqında söhbətlər gedir. Avropanın beş ölkəsi öz ərazisində ABŞ-ın taktiki nüvə silahına malikdir.
Xatırladaq ki, bu yaxınlarda Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Polşa ilə bu ölkənin ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı razılığa gəldiyini bildirib.
Eyni zamanda ABŞ Dövlət Departamenti Amerika nüvə silahlarının Polşa ərazisində yerləşdirilməsi planlarının olmadığını qeyd edib.