BAKI, 30 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola başsağlığı verib.
Başsağlığıda deyilir:
"Hörmətli cənab Prezident,
Seul şəhərində yaranmış izdiham nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Koreya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Xatırladaq ki, Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfər ölüb.
Hadisə qurbanları arasında Rusiya, İran, Çin, Norveç və Özbəkistan vətəndaşları da var. Bildirilib ki, 82 yaralıdan 19-un vəziyyəti ağır qiymətləndirlir.
270 nəfərin taleyi barədə isə məlumat yoxdur.
İzdiham adı açıqlanmayan məşhur pop müğənninin İtxevon bölgəsində olması xəbəri ilə baş verib. Bundan sonra bir çox insan ulduzun dincəldiyi hotelin yerləşdiyi dar xiyabana axışıb.
Polis Seulda Hellouin bayramı şənlikləri zamanı şəhərin mərkəzindəki İtxevon küçəsində baş verən izdihamda ölən 151 nəfərdən 140-nın şəxsiyyətini müəyyənləşdirib
Ölənlərin 97-si qadın və 54-ü kişidir ki, onların da əksəriyyəti 30 yaşdan aşağıdır. Koreya Respublikasının Prezidenti Yoon Seok Yeol ümummilli matəm elan edib.
Matəm noyabrın 5-dək davam edəcək.