HADİSƏ

TƏBİB: Bakı-Ələt yolundakı qəzada xəsarət alan 18 nəfər evə buraxılıb

164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu aşıb.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alan 18 nəfər ambulator müalicə üçün evə buraxılıb. Bu barədə TƏBİB-dən məlumat verilib.
Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xəsarət alan 5 nəfərin müalicəsinə davam edilir.
Xəsarət alanlardan 2-si (vəziyyətləri ağır stabil qiymətləndirilir) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində, 2-si (vəziyyətləri stabil qiymətləndirilir) Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsində, 1-i (vəziyyəti orta ağır qiymətləndirilir) isə Sabunçu Tibb Mərkəzinin Travmatologiya şöbəsində həkim nəzarəti altındadır.
Xatırladaq ki, hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilmişdi.
Xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.