QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır

Ermənistanın baş naziri Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı Rusiya və Qərbin təkliflərinin olması ilə əlaqədar iddiaları təkzib edərək, fərqli təsəvvürlərin olduğunu qeyd edib.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçidə Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə görüşdə Azərbaycanla sülh müqaviləsinin əsasını təşkil edəcək sənədi imzalamağa hazırdır. O, bu barədə ermənistanda hakim “Mülki müqavilə” partiyasının VI qurultayında deyib.
“Bazar ertəsi Soçidə mən 15 bənd əsasında razılığın əldə olunmasına dair sənədi rəsmi qəbul etməyə və tələb olunarsa, üçtərəfli bəyanat formatında imzalamağa, yəni bu sənədi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əsas kimi qəbul etməyə hazıram”, - deyə Paşinyan bildirib.
O, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Rusiya və Qərbin təkliflərinin olması ilə bağlı iddiaları da təkzib edib və müxtəlif təsəvvürlərin olduğunu vurğulayıb.
Paşinyanın sözlərinə görə, son vaxtlar bəzi siyasi qüvvələr Rusiyanın təklifinin Ermənistan üçün müsbət olduğunu, lakin Ermənistan hökumətinin guya Qərbin fərqli təklifini qəbul etmək niyyətində olduğu görüntüsü yaratmağa çalışır:
"Bu reallığa uyğun gəlmir. Sadəcə, Rusiya və Qərb təsəvvürləri var".
Paşinyan onu da bildirib ki, Ermənistan Rusiyanın anlaşması ilə razılaşıb və 2021-ci ilin yanvarında prinsipial razılığa gəlib.
Qeyd edək ki, oktyabrın 31-də Rusiyanın təşəbbüsü ilə Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.
Məlumata görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında danışıqlarda 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır.
Liderlər həmçinin ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərini müzakirə edəcəklər. Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə ayrıca görüşləri planlaşdırılır.