AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev Türkiyənin milli bayramı ilə əlaqədar paylaşım edib

Prezident İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda iftixar hissi ilə qeyd edib ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qardaş Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
Dövlətimizin başçısı Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu foto paylaşıb.
Xatırladaq ki, oktyabrın 28-də Prezident İlham Əliyevin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə məktub ünvanlayıb.
Məktubda deyilir ki, Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilib:
"Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır".
Azərbaycan dövlət başçısı qeyd edib ki, eyni zamanda, son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə ölkəniz beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanıb:
“Bütün bunların təməlində Sizin zəhmətiniz və yorulmaz əməyiniz, müdrik rəhbərliyiniz altında aparılan dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Qüdrətli Türkiyə Respublikasının hər bir uğurunu öz uğurumuz hesab edir, bundan hədsiz qürur duyuruq. İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir”.