HADİSƏ

Bakı-Qazax yolundakı qəzada xəsarət alanların ikisinin vəziyyəti ağırdır

“İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər yaralanıb.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. Bakı-Qazax yolunda baş verən qəza nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib və müvafiq şöbələrə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Yaralılarla bağlı əlavə məlumat veriləcək.
***
Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a məlumat verilib.
Bildirilib ki, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb, ölüm yoxdur.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.