QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad olunmuş ərazilərdə işlər zamanı kütləvi məzarlıqlar ortaya çıxır - Hərbi Prokuror

Xanlar Vəliyev bildirib ki, analoji məzarlıqlar Xocavəndin Daşbaşı, Xocalının Fərrux kəndində də aşkar olunub.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. “Bizim 4000-ə yaxın itkin düşmüş vətəndaşımız var. Əsir və itkin, girov götürülmüşlərlə iş üzrə Dövlət Komissiyasının sənədlərində bunların hamısı dəqiq var”. Bunu APA-ya açıqlamasında Hərbi prokuror Xanlar Vəliyev deyib.
Xanlar Vəliyev, arxiv şəkli
Hərbi Prokuror bildirib ki, şəxsiyyəti bəlli olmayan təxminən 450 nəfərə yaxın insanın qalıqları aşkarlanıb:
“O cümlədən onların da böyük bir qismi kütləvi məzarlıqlarda aşkar olunur. Şuşada 2 yerdə, Kəlbəcərdə, Zəngilanda, Xocavənd rayonunda Edillidə 2 yerdə və Xocavəndin Daşbaşı kəndində, Xocalı rayonunun Fərrux kəndində belə məzarlıqlar aşkar olunub. Bəzisində çox, bəzisində az. Ümumilikdə 450-ə yaxın meyit qalığı müəyyən olunub. Amma hissə-hissə də azad olunmuş ərazilərdə bərpa, tikinti, quruculuq işləri gedişində bu məzarlıqların bir qismi ortaya çıxır".
Edillidəki məzarlıqların yerini həmin dövrdə əsirlikdə olan vətəndaşımızın göstərdiyini deyən prokuror bildirib ki, mülki şəxslərdən əlavə müharibədə iştirak edən əsir hərbçiləri belə öldürmək olmaz:
"Bütün bunlar hamısı cinayətdir və hər bir faktla bağlı cinayət işi başlanıb”, - deyə X.Vəliyev sözünü tamamlayıb.