RUSİYA

Vladimir Putinin "Valday"dakı çıxışından əsas məqamlar

Putin bildirib ki, heç kim Rusiyaya hansı cəmiyyəti və hansı prinsiplər üzərində qurmalı olduğunu heç vaxt diktə edə bilməyəcək.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun 19-cu iclasının "Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik" mövzusunda keçirilən plenar iclasında çıxış edib.
Rusiya liderinin çıxışından əsas tezisləri təqdim edirik.
Qərbin siyasəti haqqında
ABŞ-ın dünyaya öz hökmranlığından başqa təklif edəcəyi heç nə yoxdur. Qərb ölkələrin və xalqların suverenliyini inkar edən təhlükəli, qanlı və çirkli oyuna başlayıb.
Qərb iqtisadi və ticarət müharibələrinə, sanksiyalara, boykotlara, rəngli inqilablara start verir, müxtəlif çevrilişlər hazırlayır və həyata keçirir. Onlardan biri 2014-cü ildə Ukraynada faciəli nəticələrə gətirib çıxardı.
Onlar bunu dəstəklədilər! Hətta bu çevriliş üçün nə qədər pul xərclədiklərini də dedilər. Ümumiyyətlə, sadəcə, dəli olublar! Heç nədən utanmırlar!
Qərbin başqa ölkələrdən onun dəyərlərinə riayət etməsini tələb etməyə haqqı yoxdur. Heç kim Rusiyaya hansı cəmiyyəti və hansı prinsiplər üzərində qurmalı olduğunu heç vaxt diktə edə bilməyəcək.
Gec-tez çoxqütblü dünya nizamının yeni mərkəzləri və Qərb bizim ümumi gələcəyimiz haqqında bərabər hüquqlu söhbətə başlamalı olacaqlar. Üstünlüyünü itirən Qərb dünya səhnəsində azlığa çevrilir.
Rusiya özünü Qərbin düşməni hesab etmir və yeni hegemon olmaq fikrində deyil.
İstənilən alternativ nöqteyi-nəzər Qərbdə təxribatçı təbliğat və demokratiyaya təhlükə kimi elan edilir, orada hər şeydə Kremlin hiyləsini görürlər.
Avropa ölkələri öz təkəbbürlərinin arxasında özlərinin başqasının periferiyasına çevrildiklərini, Qərbin vassalına çevrildiklərini, çox vaxt səsvermə hüququndan məhrum olduqlarını hiss etmirlər.
NATO-nun Ukrayna hesabına genişlənməsi Rusiya üçün qəbuledilməz idi və bunu hamı bilirdi, lakin bizim təhlükəsizlik maraqlarımıza tamamilə məhəl qoymadılar. Ötən ilin sonunda növbəti cəhdimiz yenə uğursuz oldu, bizi, sadəcə, başlarından rədd etdilər.
Avropalılar və amerikalılar daha yüksək maaş üçün mübarizə aparmalı və Rusiyanın düşmən olduğuna inanmamalıdırlar.
Rusiya Qərbi həm neftlə, həm də qazla təmin etməyə hazırdır, lakin Qərb bundan imtina edir.
Ukrayna haqqında
Ukraynada millətçi hərəkatla neofaşist, neonasistlərin birləşməsi baş verir.
Ukraynanın dövlətçiliyinin, suverenliyinin və ərazi bütövlüyünün yeganə real təminatçısı yalnız Rusiya ola bilərdi.
Nüvə silahı haqqında
Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməsinin heç bir siyasi və ya hərbi mənası yoxdur. Rusiya Federasiyası ilə mübarizənin yeni mərhələsini şişirtmək üçün Kiyevin nüvə insidentinə ehtiyacı var.
Kiyev "çirkli bomba"nın hazırlanmasının izlərini ört-basdır etmək üçün hər şeyi edir.
Rusiya heç vaxt Rusiya Federasiyasının nüvə silahından istifadəsinin mümkünlüyü ilə bağlı fəal şəkildə heç nə deməyib, yalnız Qərb dövlətlərinin liderlərinin bəyanatlarına eyhamla cavab verib.
Kiyev nüvə silahına sahib olmaq arzusundan danışır, eyni zamanda Rusiya Federasiyasının Zaporojye AES-i atəşə tutduğunu daim bəyan edir: onlar dəli olublar, çünki, stansiyada rus qoşunları yerləşiblər.
Xüsusi əməliyyat haqqında
Ukraynada keçirilən xüsusi əməliyyatın əsas məqsədi Donbas əhalisinə kömək etməkdir.
Ukrayna rəhbərliyi öz xalqına aman vermir və son ukraynalıya qədər Rusiya ilə vuruşur. Orada itkilər 1-dən 10-a, 1-dən 8-ə qədərdir. Son zamanlar, demək olar ki, həmişə 1-dən 8-ə qədərdir. İnsanlara heç yazıqları gəlmir! Əsl vətənpərvərlər buna yol verə bilərmi? Amma onlar bu yoldadırlar. Sakitcə və arxaya baxmadan. Təbii ki, onlar öz milli maraqlarını qorumurlar.
Çoxqütblü dünya nizamı haqqında
Rusiya iqtisadiyyatı, sosial sistemi, resurs bazası, infrastrukturu bir-birini tamamlayan qonşu dövlətlərin qarşılıqlı fəaliyyətinə əsaslanan geniş məkanların yaradılması mexanizmlərinin daha fəal işə salınmasını vacib sayır. Belə məkanlar çoxqütblü dünya nizamının əsasını təşkil edir.
Qarşıda İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən gözlənilməz və vacib onillikdir.
Sanksiyalara qarşı çıxan Rusiya, sanksiya təzyiqindən qorxmamaq və dünyanın müxtəlif bölgələri arasında iqtisadi əlaqələri sərbəst inkişaf etdirmək üçün azadlıq məkanı yaradır.
"Valday" klubunun builki toplantısında 41 ölkədən 111 ekspert, siyasətçi, diplomat və iqtisadçı iştirak edir. 2022-ci ildə Yaxın Şərq və Məğrib, Asiya, Latın Amerikası, Afrika və MDB ölkələrindən olan iştirakçılar daha geniş şəkildə təmsil olunurlar. Eyni zamanda, görüşdə bir sıra Qərb dövlətlərinin nümayəndələri də iştirak edir.