Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Sahibə Qafarova: "Sülh müqaviləsinin imzalanmasının vaxtı çatıb"

Milli Məclisin sədri MDB PA-nın plenar iclasında Ermənistanın hərbi cinayətlərini açıqlayıb.
Sputnik
BAKI, 28 oktyabr - Sputnik. "İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vaxtı çatıb".
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında çıxışında deyib.
Milli Məclisin sədri qeyd edib ki, Ermənistan tərəfindən basdırılan minalar hələ də bərpa işlərində ən böyük problemlərdən biridir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra iki il ərzində mina partlayışları nəticəsində 260-dan çox Azərbaycan vətəndaşının həlak olduğunu və ağır yaralandığını deyən Milli Məclisin sədrinin sözlərinə görə, bu minalar Ermənistan tərəfindən həm işğal illərində, həm də müharibədən sonra, 2021-ci ildə basdırılıb. Spiker Sahibə Qafarova xüsusilə qeyd edib ki, bu ilin sentyabr ayının 13-də Ermənistanın növbəti hərbi təxribatı, sərhəd zonasında Azərbaycan qüvvələrinin təchizat yollarını minalamaq cəhdi Azərbaycan-Ermənistan sərhədi ərazisində toqquşmaya, nəticədə çoxsaylı insan tələfatına səbəb olub.
S.Qafarova çıxışında daha sonra diqqətə çatdırıb ki, 30 ildir işğalın qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan beynəlxalq hüququn hamılıqla tanınmış 5 prinsipi əsasında Ermənistana sülh təklif edib. Son zamanlarda iki ölkənin rəhbərləri, xarici işlər nazirləri, həmçinin sərhədlərin delimitasiyası üzrə komissiyanın baş tutmuş görüşləri və yaxın gələcəkdə keçirilməsi planlaşdırılan görüşlər sülh prosesi ilə bağlı müəyyən nikbinlik yaradır.
Spiker ümidvar olduğunu bildirib ki, Ermənistan siyasi iradə nümayiş etdirəcək, bu prosesi gecikdirməyəcək və sülh sazişinin imzalanması üçün real addımlar atacaq. Bura 2020-ci ilin 10 noyabr tarixli Üçtərəfli Bəyannamənin bütün bəndlərinin həyata keçirilməsi, o cümlədən Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişin təmin edilməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması da daxildir. Sülh sazişinin imzalanması regionda sülh, sabitlik və firavanlığa nail olmağın yeganə yoludur.