BAKI, 28 oktyabr — Sputnik. Oktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən bildirilib.
Qeyd olunub ki, Qazaxıstan Prezidenti Baş nazir Əli Əsədovu və MDB Hökumət Başçıları Şurasının digər üzvlərini salamlayıb.
Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Hökumət Başçıları Şurasının iclası başlayıb.
Bildirilib ki, iclasda 10-dan çox sənədin qəbul ediləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının iclası 1991-ci ildən etibarən keçirilir. Budəfəki iclas sayca 80-cidir. Qurumun sonuncu toplantısı bu ilin mayında videokonfrans formatında baş tutub.
Xatırladaq ki, hazırda MDB-yə Qazaxıstan sədrlik edir. 2023-cü ildən isə sədrlik Qırğız Respublikasına keçəcək. Qazaxıstan və Rusiya isə həmsədr olacaq.
İclasda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir.