BAKI, 28 oktyabr — Sputnik. Dəyirmi masanın açılışında çıxış edən Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər”kafedrasının müdiri professor Elşad Məmmədov tədbirin Azərbaycan ilə Aİİ arasında ticarət-iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini bildirib.
“İqtisadiyyat elminin əsas cərəyanında yayımlanan bu doqmalar həmişə real iqtisadiyyatda əksini tapmır. Bu gün region ölkələrinin iqtisadi siyasətində mövcud olan problemlərin xeyli hissəsi məhz bununla bağlıdır”, - deyə Məmmədov bildirib.
İlin əvvəlində Rusiya Federasiyasının əsas tərəfdaşı Avropa ölkələri olub, lakin indi vəziyyət kəskin şəkildə dəyişir. Bunu Avrasiya İqtisadi İttifaqının (Aİİ) inteqrasiya və makroiqtisadiyyat üzrə kollegiyasının üzvü (nazir), Rusiya Elmlər Akademiyasının akademiki Sergey Qlazyev dəyirmi masada bildirib.
Akademikin sözlərinə görə, Qərb öz sanksiyaları ilə özünü öldürür və Aİ-ni məhv etməklə əlavə imkanlar əldə etməyə çalışır. O, həmçinin qeyd edib ki, Rusiyanın Çin və Hindistanla ticarəti hər il 1,5 dəfə artır.
"Prezidentimiz genişmiqyaslı Şimal-Cənub dəhlizinin formalaşdırılması vəzifəsini qarşıya qoyur. Qeyd edim ki, sovet dövründə oradan yüklərin həcmi 20 milyon tona yaxın idi və hər şey Azərbaycan dəmir yolundan keçirdi", - deyə Qlazyev bildirib.
"Bizim üçün struktur prioritet Rusiya ilə Hindistan arasında İran vasitəsilə kommunikasiyaların yaradılmasıdır. Azərbaycan nəqliyyat dəhlizi rolunu oynaya bilər, bu, əslində inkişaf dəhlizidir", - deyə akademik vurğulayıb.
Öz növbəsində Rusiyanın Bakıdakı ticarət nümayəndəsi Ruslan Mirsayapov qarşılıqlı ticarət dövriyyəsinin artdığını qeyd edib.
"Bizim ticarət dövriyyəmiz daha sürətlə artır və biz Azərbaycanın artıq çoxtərəfli əməkdaşlıq formatında qeyri-əmtəə ixracının inkişafını həyata keçirə biləcəyi potensialı görürük", - deyə Mirsayapov bildirib.