BAKI, 27 oktyabr — Sputnik. Bakı şəhərinə yük avtomobillərinin girişinə yenidən məhdudiyyət qoyulacaq. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən mətbuata verilən məlumata görə, 2022-ci il 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub.
Bakı Sumqayıt yolu
© Sputnik / Elvin Ahmad
Bu tədbir son vaxtlar Bakı şəhərində yaranmış nəqliyyat sıxlığının aradan qaldırılması və mövcud vəziyyətin optimallaşdırılması ilə əlaqədar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, yolların buraxılış imkanlarının artırılması, əhalinin nəqliyyat təminatının yaxşılaşdırılması və yol hərəkətinin təhlükəsizliyinin daha etibarlı təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən müvafiq tədbirlərdən biri kimi tətbiq olunacaq.
Həmçinin qeyd edilib ki, icazə verilən müddət ərzində paytaxta daxil olmuş yük avtomobilləri səhər saat 07:00-dək, yanacaq daşıyan yük avtomobilləri isə səhər saat 06:00-dək şəhəri tərk etməlidirlər. Bununla əlaqədar, bütün yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən, habelə yük sahiblərindən öz fəaliyyətlərini qeyd olunan müddətlərə uyğunlaşdırmaları xahiş olunur.
Bəs görəsən, yük avtomobillərinin paytaxta girişinə tətbiq ediləcək məhdudiyyət tıxacların azalması baxımından effekt verəcəkmi?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı və ətraf ərazilərdə tikinti işləri intensivləşib. Bakının mərkəzində yeni yaşayış binaları və digər qeyri-yaşayış obyektlərinin tikintisi paytaxt küçələrində yük avtomobillərinin sayının artmasına səbəb olub.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov
© Sputnik / Nigar Iskanderova
E.Cəfərovun fikrincə, son vaxtlar paytaxtda tıxacların artmasında yük avtomobillərinin də payı az deyil. Ona görə də, belə bir qərarın olması vacibdir:
"Ötən il də belə bir qərar var idi. 5 tondan yuxarı avtomobillərin paytaxta girişi saat 07:30-dan axşam saat 20:00-dək məhdudlaşdırılmışdı. Ona görə də bu lazımlı addımdır".
Ekspert deyir ki, yük maşınları təkcə sıxlıq yaratmır, piyada və digər nəqliyyat vasitələri üçün də təhlükədir. Onun sözlərinə görə, yük avtomobilləri şəhərdə hərəkət edərkən onların digər minik avtomobilləri ilə ara məsafəsi saxlaması çətin olur. Bu isə yollarda qəzalara səbəb olur.
Ekspert bildirir ki, yük avtomobillərinin paytaxta giriş vaxtına məhdudiyyətin saat 22:00-dək uzadılmasına da ehtiyac vardı. Çünki Bakıda tıxaclı saatların müddəti artıb:
"Əvvəl Bakıda yollarda tıxac saat 18:00-a qədər olurdusa, indi saat 22:00-a qədər yollarda sıxlıq var. Bu da paytaxta yük avtomobillərinin gecə saatlarında buraxılmasını zəruri edir".
Xatırladaq ki, ötən il də buna bənzər qərar verilmişdi. 2021-ci ilin 27 noyabr tarixindən may ayınadək saat 07:30-dan axşam saat 20:00-dək kütləsi 5 tondan artıq olan yük avtomobillərinin Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunurdu.
Amma bu saatlarda da paytaxtda yük avtomobillərinə rast gəlinirdi. Yol polisi isə onların buraxılış vərəqəsi ilə şəhərə buraxıldığını iddia edirdi.