BAKI, 27 oktyabr — Sputnik. Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" hesabındakı paylaşımında qeyd edilib.
"İki il öncə, 27-28 oktyabr tarixlərində Ermənistan atəşkəsi pozaraq Bərdəni kasetli raketlərlə bombaladı. 2 yaşlı qız da daxil olmaqla 27 nəfəri qətlə yetirən və 70-dən çox adamı yaralayan bu hücum 2020-ci il müharibəsində mülki əhaliyə qarşı ən ölümcül hücum idi. Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.