XV Avrasiya İqtisadi Forumu

Türkiyədəki qaz habı hamıya, o cümlədən Azərbaycana sərfəlidir - Zubkov

"Qazprom"un direktorlar şurasının sədri bildirib ki, Azərbaycan həmişə Rusiyanın müttəfiqi olub.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Türkiyədə qaz habının yaradılması hamıya - Rusiya, Türkiyə, Azərbaycan və Avropaya faydalıdır. Bunu "Qazprom"un direktorlar şurasının sədri Viktor Zubkov Bakıda keçirilən Avrasiya İqtisadi Forumu çərçivəsində jurnalistlərə deyib.
"Bu, hər kəsə - həm Rusiya, həm Türkiyə, həm Azərbaycan, həm də Avropaya faydalıdır. Bu hab hamı üçün faydalıdır. Sadəcə bunun faydalı olduğunu başa düşmək və bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Yaxşı ki, buna Türkiyə razılaşıb", - deyə şuranın sədri bildirib.
Zubkov vurğulayıb ki, Azərbaycan həmişə Rusiyanın müttəfiqi olub.
"Biz həmişə mübadilə əməliyyatları aparırıq. O, bəzən öz ehtiyacları üçün bizdən qaz alır", - deyə "Qazprom"un Direktorlar Şurasının rəhbəri deyib.
Eyni zamanda, Zubkov qeyd edib ki, Türkiyədən kənarda, Avropa bazarında bu qazın mənbəyi önəm kəsb etməyəcək.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyadan Türkiyəyə əlavə qaz kəmərlərinin çəkilməsi, eləcə də Türkiyə ərazisində Avropada qazın qiymətinin müəyyən edilməsi üçün digər mərkəzlərə alternativ ola biləcək qaz habının yaradılması təşəbbüsü ilə çıxış edib.