BAKI, 27 oktyabr — Sputnik. "Rosneft"in rəhbəri İqor Seçin Azərbaycanın "SOCAR"ını Krasnoyarsk diyarının şimalında "Vostok Oil" layihəsində iştiraka dəvət edib.
Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunda çıxış edən Seçin qeyd edib ki, "Vostok Oil" layihəsinin icrası əvvəlcədən elan olunmuş qrafik çərçivəsində davam edir.
"Biz bu layihənin iştirakçıları arasında dostlarımızı, o cümlədən "SOCAR"dan olan həmkarlarımızı görməyə şad olarıq", - deyə o, sözünə davam edib.
"Rosneft" rəhbərinin sözlərinə görə, Şərqə üz tutmaqla bağlı strateji qərar qəbul edən Rusiya Asiya-Sakit Okean regionuna enerji resurslarının təchizatını sistemli şəkildə artırır.
"İnfrastrukturun inkişafı ilə Rusiyanın Çin və Hindistana neft ixracı 2021-ci ildə 80 milyon tonu ötüb. "Vostok Oil" layihəsinin işə salınması Cənub-Şərqi Asiya, Hindistan və Çin bazarlarının artan tələbatını ödəyəcək. Biz istehsaldan son istehlakçılara yanacaq satışına qədər bütün tədarük zənciri boyunca qarşılıqlı faydalı əməkdaşlıq üçün çalışırıq. "Vostok Oil" neft bazarının uzunmüddətli sabitliyini təmin edəcək və qiymət dəyişkənliyini azaldacaq, enerji resurslarının qiymətində əlverişsiz artımın qarşısını alacaq", - deyə Seçin əlavə edib.
O xatırladıb ki, bu il "Vostok Oil" layihəsi üzrə aparılan kompleks kəşfiyyat işləri zamanı neft ehtiyatlarının əhəmiyyətli dərəcədə artması təsdiqlənib. Yenisey çayının sol sahilində, Zapadno-İrkinskoye yatağında qazma işlərinin nəticələrinə əsasən, Dövlət Ehtiyatlar Komissiyası çıxarıla bilən neft ehtiyatları 100 milyon tondan çox olan iki yeni yatağın aşkar edilməsini təsdiqləyib.
Dollarla hesablaşmalardan imtina prosesinə start verilib və bu dönməzdir
Hazırda bir sıra dövlətlər maliyyə sistemlərini gücləndirmək və dollardan asılılıq risklərini azaltmaq üçün dollarla hesablaşmalardan imtina etməyə çalışırlar. Seçin bildirib ki, bu proses artıq başlayıb və geri dönməzdir.
"Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatları getdikcə daha çox bir-birləri ilə birbaşa hesablaşırlar. Asiya və Yaxın Şərqdəki mərkəzi banklar öz maliyyə sistemlərini gücləndirmək və hesabların əməliyyatların, suveren fondların özbaşına ələ keçirilməsi fonunda dollardan asılılıq risklərini azaltmaq niyyəti ilə ikitərəfli valyuta mübadiləsi xətləri yaradırlar. Biz öz suverenliyini qorumaq istəyən dövlətlərin dollarla hesablaşmalardan imtina etmək istəyini görürük. Bu proses başlayıb və geri dönməzdir", - deyə "Rosneft"in rəhbəri fikrini bildirib.
Seçin əlavə edib ki, 2021-ci ilin sonundan etibarən xarici investorlar ABŞ-ın dövlət borcuna investisiyaları 238 milyard dollar azaldıb. ABŞ dollarının dünya mərkəzi banklarının valyuta ehtiyatlarında payı 55%-ə düşüb ki, bu da 1995-ci ildən bəri ən aşağı göstəricidir.
Seçinin fikrincə, ABŞ-ın dünya valyuta emitenti kimi təsiri sona çatır və Çin, Hindistan və Rusiya kimi ölkələrin mövqelərinə artıq göz yummaq olmaz.
"Dünya, ABŞ da daxil olmaqla hamı üçün dəyişib. Və onların ötən əsrdə dünya valyutasının emitenti kimi əldə etdikləri resurs, qlobal şəbəkəyə nəzarət edərək milyardlarla dünya əhalisinə təsir etmək imkanı - bunun sayəsində onlar onların hər şeyə qadir olduqlarına inanırdılar - bu resurs tükənir. Sivilizasiya alqoritmləri digər təsir mərkəzlərinin inkişafına gətirib çıxarıb. Bu gün Çin, Hindistan və Rusiyanın mövqeləri artıq diqqətdən kənarda qala bilməz", - deyə Seçin Bakıda keçirilən Verona Avrasiya İqtisadi İqtisadi Forumu zamanı deyib.
Onun sözlərinə görə, ABŞ elə həmin resursdan istifadəni davam etdirir, lakin səmərəlilik durmadan aşağı düşür.
"Bu gün onlar öz müttəfiqləri ilə münasibətdə dollarla manipulyasiya da daxil olmaqla, bu resursdan ən yaxşı şəkildə səmərəli istifadə edə bilirlər. Məsələn, bu gün FED-in siyasətindən ən çox yen, funt və avro zərər çəkir. Məhz onlar dolları xilas etmək üçün böhranın alovunda yanmaqla təhdid edilirlər", – deyə o əlavə edib.