CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İrandan qaçaqmalçılıqla narkotik keçirilməsinin qarşısı alınıb

Qaçaqmalçıların qoyub qaçdığı bağlamadan 4 kq 900 qram qablaşdırmada 7790 ədəd "metadon-40" həbləri aşkarlanıb.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Oktyabr ayının 25-də saat 20:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilib, "Dayan" əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıblar. Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram narkotik vasitəyə bənzər maddələr (10 kq "marixuana", 2 kq 100 qram "tiryək" və 4 kq 900 qram qablaşdırmada 7790 ədəd "metadon-40" həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Xatırladaq ki, 2022-ci ilin avqust ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 67 nəfər saxlanılıb. Onlardan 45 nəfəri Azərbaycan Rеspublikası, 1 Şri-Lanka, 1 Türkiyə, 1 Banqladeş, 7 Hindistan, 5 İran İslam Respublikası, 2 Özbəkistan, 5 Pakistan vətəndaşı оlub. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 156 kq 465 qram narkоtik vasitə və 800 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.