RUSİYA

Putin İran prezidentinə başsağlığı verib

Vladimir Putin bildirib ki, Rusiya tərəfi antiterror fəaliyyəti istiqamətində iranlı tərəfdaşlarla əməkdaşlığını daha da inkişaf etdirməyə hazırdır.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Şirazdakı terror aktından sonra İran Prezidenti İbrahim Rəisiyə başsağlığı verib, həmçinin terrorizmlə mübarizədə əməkdaşlığı artırmağa hazır olduğunu ifadə edib. Bu barədə Kreml məlumat yayıb.
Bir sıra İran KİV-ləri İranın cənubunda yerləşən Şiraz şəhərində 3 naməlum şəxsin Şahçerah məqbərəsinin ərazisinə daxil olaraq atəş açması barədə məlumat yayıb.
Tasnim agentliyi isə hücumda yalnız bir şəxsin hərəkət etdiyini, lakin İranın dövlət televiziyasının qeyd etdiyi kimi, məqbərədən uzaq olmayan ikinci terrorçunun da olduğunu bildirib. KİV-in məlumatına görə, terror aktı nəticəsində 22 nəfər ölüb, onlarla şəxs yaralanıb.
"Şirazda törədilmiş terror aktının faciəvi nəticələri ilə bağlı səmimi başsağlığımı qəbul edin. Mən Rusiya tərəfinin antiterror fəaliyyəti istiqamətində iranlı tərəfdaşlarla əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğunu vurğulamaq istərdim", - teleqramın mətnində deyilir.
Rusiya lideri qeyd edib ki, dinc insanların, o cümlədən uşaq və qadınların dini ziyarətgahın divarları əhatəsində öldürülməsindən daha iyrənc cinayət təsəvvür etmək çətindir.
O əlavə edib ki, terror təkcə qanunları deyil, həm də insani mənəviyyat normalarını pozur.
Putin həlak olanların ailələrinə başsağlığı verib, eləcə də bütün yaralıların tezliklə sağalmasını arzulayıb.