BAKI, 27 oktyabr - Sputnik. Heç kim Rusiyaya necə cəmiyyət qurmaq lazım olduğunu heç vaxt diktə edə bilməyəcək.
Bunu Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.
“Heç kim xalqımıza hansı cəmiyyəti və hansı prinsiplər əsasında qurmalı olduğunu heç vaxt diktə edə bilməyəcək”, - deyə Putin bildirib.
Onun sözlərinə görə, Qərb öz ünvanına səslənən bütün tənqidləri absurd şəkildə “Kremlin intriqaları və əli” ilə izah edir.
“Bu bir növ cəfəngiyyatdır, gör haracan batıblar”, - Rusiya lideri bildirib.
O vurğulayıb ki, Rusiyaya münasibətdə məhvetmə və ya onu geosiyasi məqsədlərə çatmaq üçün alətə çevirmək ssenarisini tətbiq etmək heç vaxt mümkün olmayacaq.
Əksər ölkələr diktəni qəbul etmir
Rusiya Federasiyasının prezidenti bildirib ki, indi ölkələrin böyük əksəriyyəti beynəlxalq məsələlərdə demokratiya tələb edir, ayrı-ayrı dövlətlərin diktəsini qəbul etmir.
“Bu gün dünya birliyinin mütləq əksəriyyəti sadəcə olaraq beynəlxalq məsələlərdə demokratiya tələb edir, ayrı-ayrı ölkələrin və ya dövlət qruplarının avtoritar diktəsinin heç bir formasını qəbul etmir. Bu, demokratiya prinsiplərinin beynəlxalq münasibətlər səviyyəsində birbaşa tətbiqi deyilsə, bəs nədir?" - deyə dövlət başçısı bildirib.
"Bəs "sivil" Qərbin mövqeyi necədir? Əgər siz demokratsınızsa, deməli, milyardlarla insanın belə təbii azadlıq istəyini alqışlamalısınız. Amma yox", - o, əlavə edib.
Bərabər əsasda dialoq
Rusiya prezidenti hesab edir ki, Qərb ölkələri və çoxqütblü dünya nizamının yeni mərkəzləri gec-tez ortaq gələcək haqqında bərabərhüquqlu dialoqa başlamalı olacaqlar.
Putinin sözlərinə görə, dünyada böhran qlobal xarakter alıb, bu, hər kəsə təsir edir, ona görə də indi bəşəriyyətin qarşısında iki yol var: “istər-istəməz hər kəsi əzəcək” problemlər yükünü toplamaqda davam etmək və ya birlikdə həllər tapmaq üçün cəhd etmək.
"Qoy ideal olmasın, lakin işlək, dünyamızı daha sabit və təhlükəsiz etməyə qadir olsun. Bilirsiniz, mən həmişə sağlam düşüncənin bu gücünə inanmışam və inanıram. Ona görə də əminəm ki, gec-tez çoxqütblü dünya nizamının yeni mərkəzləri və Qərb bizim ümumi gələcəyimiz naminə bərabərhüquqlu söhbətə başlamalı olacaq, əlbəttə ki, bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır", - Putin deyib.
Neoliberal modelin böhranı
Rusiya prezidenti Amerika dünya nizamının neoliberal modelinin böhranına da işarə edib. O deyib ki, ABŞ-ın dünyaya öz hökmranlığını saxlamaqdan başqa təklif edəcəyi heç nə yoxdur.
"Mən sadəcə mübaliğəsiz bilirəm ki, insanlar xristian, islam, buddist və yəhudi bayramlarını birlikdə qeyd edirlər - və bunu məmnuniyyətlə edirlər, bir-birlərini təbrik edir və bir-birləri üçün sevinirlər. Amma burada yox. Niyə də yox? Yaxşı, heç olmasa bunu müzakirə edərdik. Təəccüblüdür. Bütün bunlar mübaliğəsiz, sistemli deyil, hətta Amerika dünya düzəninin neoliberal modelinin doktrinal böhranıdır, onların müsbət inkişaf yaratmaq ideyaları yoxdur, onların sadəcə olaraq, dünyaya təklif edəcəyi heç nə yoxdur, öz hökmranlığını qoruyub saxlamaq istisna olmaqla”, - Putin əlavə edib.
Prezident əmindir ki, “çoxqütblü dünyada real demokratiya hər şeydən əvvəl hər bir xalqın, istənilən cəmiyyətin və hər bir sivilizasiyanın öz yolunu, öz ictimai-siyasi sistemini seçmək imkanını nəzərdə tutur.
"Əgər ABŞ-ın, Aİ ölkələrinin belə bir hüququ varsa, Asiya ölkələrinin, İslam dövlətlərinin, Fars körfəzi monarxiyasının, digər qitələrin dövlətlərinin də, əlbəttə ki, bu hüququ var. Təbii ki, bu, bizim ölkə Rusiyada da var. Və heç kim xalqımıza hansı cəmiyyəti və hansı prinsiplər üzərində qurmalı olduğumuzu diktə edə bilməyəcək”.