XV Avrasiya İqtisadi Forumu

Overçuk: Bakıda Avrasiya Forumunun keçirilməsi "Şimal-Cənub" inkişaf modelinə keçiddir

Rusiya baş nazirinin müavini hesab edir ki, Rusiya Avropanın Şərqi olmaqdan çıxır və özünü Avrasiyanın şimalı kimi düşünməyə başlayır, bu baxımdan Rusiya sərmayəsi ölkə iqtisadiyyatının qitənin cənubu ilə nəqliyyat əlaqəsini təmin etməyə yönəlib.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. XV Verona Avrasiya İqtisadi Forumunun Bakıda keçirilməsi "Şərq-Qərb" qlobal istiqamətli inkişaf modelindən "Şimal-Cənub" modelinə keçidi ifadə edir.
Bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunda deyib.
"Bu mənada Rusiya Avropanın şərqi olmaqdan çıxır və özünü Avrasiyanın şimalı kimi düşünməyə başlayır", - deyən Overçuk bununla bağlı Rusiya sərmayəsinin bu ölkənin iqtisadiyyatının qitənin cənubu ilə nəqliyyat əlaqəsini təmin etmək məqsədi daşıdığını vurğulayıb.

"Burada - Xəzər dənizində, onun ətrafında üç əsas marşrutdan ibarət "Şimal-Cənub" Xəzər beynəlxalq nəqliyyat dəhlizinin tikintisi davam edir. Birincisi Xəzərin qərb sahili boyunca Rusiya Dağıstanı, Azərbaycan və İrandan keçməklə Fars körfəzinin limanlarına çıxışı təmin edir. Hindistan, Pakistan, Cənub-Şərqi Asiya, Körfəz ölkələri və Afrika bazarları bizim əsas ixrac bazarlarımızdır", - deyə Overçuk qeyd edib.

Onun sözlərinə görə, ikinci marşrut Rusiyadan Xəzər dənizinin şərq sahili boyunca Qazaxıstan, Türkmənistan və İran ərazisi ilə; digəri isə - Xəzər dənizi ölkələrinin limanları arasında qarşılıqlı əlaqəni təmin edir.
"İndi keçid məntəqəsinin aktiv modernləşdirilməsi davam edir, biz keçid məntəqələrinin imkanlarını genişləndirməyə davam edəcəyik. Xəzər dənizində Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının, eləcə də limanlarımızın dibinin dərinləşdirilməsi və yenidən qurulması istiqamətində işlər aparırıq, həmçinin İranda nəqliyyat və logistika terminallarının inkişafına sərmayə qoyacağıq, biz İranı Azərbaycanla birləşdirən dəmir yolunun çatışmayan 160 kilometrlik hissəsinin tikintisinə investisiya qoymağı planlaşdırırıq", - deyə Rusiya Federasiyası baş nazirinin müavini vurğulayıb.