QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ombudsman Bərdəyə raket hücumlarının ildönümü ilə əlaqədar bəyanat yayıb

Bəyanatda bildirilir ki, Bərdə terroruna görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməyib.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bərdə şəhərinə edilmiş raket hücumlarının ildönümü ilə əlaqədar bəyanat yayıb.
Ombudsman Aparatından Sputnik Azərbaycan-a verilən məlumata görə, bəyanatda bildirilib ki, bu gün Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalinin sıx məskunlaşdığı Bərdə rayonunu qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutmasından 2 il ötür:
"Döyüş əməliyyatlarının aparıldığı ərazidən uzaq məsafədə yerləşən Bərdə rayonuna 2020-ci ilin 27-28 oktyabr tarixlərində edilmiş raket hücumları nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Bununla əlaqədar mülki əhali arasında baş vermiş çoxsaylı tələfat, yaralanma və infrastruktur obyektlərinin dağıntılara məruz qalması faktlarına dair tərəfimizdən faktaraşdırıcı missiya həyata keçirilib və müvafiq hesabat hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edilib. Lakin təəssüflər olsun ki, beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud şəkildə pozmaqla çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməyib".
Xatırladaq ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.