BAKI, 27 oktyabr — Sputnik. "Biz Ermənistan hökumətinin Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi yaratmaq qərarını 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndi üzrə öhdəliklərinin yerinə yetirilməsinin imitasiyası kimi qiymətləndiririk". Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.
"Çünki birincisi, aparılmış monitorinqin nəticələrinə görə, bu nöqtələrdən çıxan yollar relyefə və iqlim şəraitinə görə ilin böyük hissəsində, kommunikasiyaların bərpa edilməsinin məqsədlərindən biri olan Naxçıvanla nəqliyyat əlaqəsi və beynəlxalq tranzit daşımaları üçün yararlı deyil. Bundan əlavə, bir qayda olaraq, keçid məntəqələri tərəflərin razılığı ilə, qarşılıqlılıq əsasında açılır. Azərbaycanla isə bu məsələdə heç bir razılaşma olmayıb".
Baş nazirinin müavini onu da bildirib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinə dair məlum bəyanatın 9-cu bəndinin şərtlərinin yerinə yetirilməməsinin əsas səbəbi, Ermənistan tərəfindən aparılmış monitorinqin tövsiyə etdiyi avtomobil yolunun optimal marşrutunu təqdim etməməsidir.
O vurğulayıb ki, həmçinin beynəlxalq tranzit daşımaları üçün keçid rejimlərinin və paritet əsasda daxili daşımalar üçün sadələşdirilmiş keçid rejimlərinin razılaşdırılması mühüm əhəmiyyət kəsb edir:
"Beləliklə, Ermənistan tərəfinin mövzu üzrə spekulyasiyası və imitasiyası 20 aylıq danışıqlar prosesinin mahiyyətini təhrif edir, onun ləngiməsinə və son nəticədə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə gətirib çıxarır".
Ş.Mustafayev həmçinin qeyd edib ki, uzun müddətdir və hələ də nəqliyyat dəhlizi, ekstraterritoriallıq terminləri ilə bağlı spekulyasiyalar mövcuddur, baxmayaraq ki, onlar bir-biri ilə əlaqəli deyil və hətta sinonim deyillər.
O xatırladıb ki, nəqliyyat dəhlizi nəqliyyat daşımalarını təşviq etmək üçün xərclərin və keçid vaxtının azaldılması məqsədilə razılaşdırılmış nəqliyyat, gömrük və digər siyasət yürüdən bir neçə ölkənin ərazisindən keçən nəqliyyat marşrutudur:
"MDB-yə üzv dövlətlərin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin əlaqələndirilmiş inkişafı haqqında Sazişin və digər bu kimi çoxtərəfli və ikitərəfli sənədlərin tərəfi olan Ermənistana nəqliyyat dəhlizi konsepsiyası yaxşı məlumdur. O ki qaldı suverenliyin pozulması məsələsinə, xatırladıram ki, 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən Ermənistan ərazisində yol hərəkətinə nəzarət Rusiya FTX-in sərhəd xidməti tərəfindən həyata keçirilir. Bu faktın suverenliyi hansı dərəcədə pozduğu sualını Ermənistan hökumətinə aid etmək lazımdır".
Xatırladaq ki, bu ilin oktyabr ayınən 13-də Nazirlər Kabineti "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə" qərar verib.
Komissiyanın Katibliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında şöbə hüququnda və 5 ştat vahidindən ibarət olmaqla təşkil edilib.