SƏHİYYƏ

Bəzən qadında olan şişi aşkarlamaq üçün 10 il vaxt lazımdır - Onkoloq

Mütəxəssis qeyd edib ki, xəstəliyin yaranma səbəbləri arasında ən birinci irsi faktordur.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Süd vəzi xərçənginin yaranma səbəbləri ilə bağlı konkret faktlar yoxdur, lakin bir sıra mülahizələr var.
Bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı mütəxəssis-ekspert, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.
Mütəxəssis qeyd edib ki, xəstəliyin yaranma səbəbləri arasında ən birinci irsi faktordur:

"Əksər hallarda irsi genetik faktorlar nəticəsində süd vəzi xərçənginin aşkarlandığı müşahidə edilir. Digər bir faktor viruslardır. Onkoviruslar (şiş virusları) var ki, onlar bu xəstəliyin yaranmasına səbəb ola bilər. Eyni zamanda yaş faktorunun da təsiri böyükdür. İnsan yaşlandıqca, süd vəzi xərçənginin yaranması ehtimalı artır. Bununla yanaşı, qadın orqanizmində hormonal dəyişikliklər tez-tez olduğu üçün onlarda bu xəstəliyin yaranma riski daha yüksəkdir. Bundan başqa, artıq çəki, hərəkətsizlik, zərərli qidalar, radiasiya və digər hallar buna səbəb olan əsas faktorlar arasındadır".

Müayinə zamanı, arxiv şəkli
H.Vəliyeva bildirib ki, bəzən qadında olan şişi aşkarlamaq üçün 10 il vaxt lazımdır: "Çünki çox kiçik olur və ilkin vaxtlarda heç bir ağrı olmur".
Süd vəzi xərçəngi nədir?
Süd vəzi xərçəngi qadınlar arasında yayılmasına görə 1-ci yeri tutur, bu xəstəlik faiz etibarilə kişilər arasında 1% hallarda rast gəlinir. Süd vəzi xərçəngi, süd vəzi toxumasını əmələ gətirən hüceyrələrin nəzarətsiz şəkildə çoxalmasıdır. Bədəndəki bütün hüceyrələrin nüvələrində, hüceyrələrin normal böyümələrini və sağlam olmalarını nəzarət edən genlər mövcuddur. Bu genlər, hüceyrələrin normal bir şəkildə çoxalmalarını kontrol etmə funksiyasını yerinə yetirirlər.
Həmin genlər radiasiya, mikroorqanizmlər, stress, qida, düzgün olmayan həyat şəraiti, zərərli vərdişlər (alkoqol, siqaret istifadəsi, narkotik vasitələrdən istifadə), abort və düşüklərin olması və s. kimi müxtəlif faktorların təsirindən mutasiyaya uğraya bilirlər.
Nəticədə bu çoxalma bəlli bir sıralama ilə meydana gəlməzsə, toxuma çoxluğu meydana gəlir və bu toxuma çoxluğuna tumor-şiş adı verilir. Bu toxumalarda yer alan hüceyrələr yayılma (hemotogen, limfogen) və başqa yerlərə getmə meylliliyi göstərərlərsə bəd xassəli şiş (xərçəng), olduqları yerdə qalmağa davam edərlərsə xoş xassəli şiş adlanırlar.