PAYTAXT XƏBƏRLƏRİ

Bakı merindən çörəyin və ətin qiyməti ilə bağlı şok açıqlama

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycanda qiymətləri qonşu ölkələrlə müqayisə edib.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonunda yaşayan bir qrup sakinlə görüş keçirib. Belə ki, görüşdə çıxış edən Eldar Əzizov qida məhsullarının qiymətləri ilə bağlı da danışıb:
"Əsas qida məhsulu sayılan çörəyin 1 kq-nın qiyməti Almaniya və İtaliyada 6-7 AZN-dir. İqtisadi cəhətdən çox zəif olan Ermənistanda çörək 2,5 AZN, Rusiyada 2 AZN-dirsə, Azərbaycanda bu, 1 manat 10 qəpik təşkil edir. Yumurtanın bir ədədi Rusiya və Ermənistanda 25 qəpik, Gürcüstanda 24 qəpik, Tacikistan və Moldovada 23 qəpik, Belarusda 18 qəpikdirsə, Azərbaycanda yumurta 16 qəpikdir".
Eldar Əzizov həm də mal ətinin 1 kq-nın qiymətlər fərqindən danışıb:
"Mal ətinin 1 kq-nın qiyməti Azərbaycandan fərqli olaraq İtaliyada 2,2 dəfə, Ermənistanda 1,8 dəfə, Almaniyada 1,5 dəfə, Rusiyada 1,4 dəfə, Gürcüstanda 1,2 dəfə bahadır.
Bununla bərabər çox ağır iqtisadi durumda olan Ermənistanda və eyni zamanda Avropa ölkələrində qiymətlər hər ay qalxır, Azərbaycanda isə dövlətin dəstəyi sayəsində bu tendensiya mövcud deyil. Statistik məlumatlardan da göründüyü kimi, ölkəmizdə əsas qida məhsullarının qiyməti bir sıra dünya ölkələrində olduğundan dəfələrlə aşağıdır".
Xatırladaq ki, bu ilin avqustun 19-da 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat olub. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edir.
İki həftə öncə Bakıda dana və quzu əti yenidən bahalaşıb. Bəzi kəsim və satış məntəqələrində sümüklü dana ətinin bir kiloqramının qiyməti 12 manatdan 13-14 manata, sümüksüz dana ətinin qiyməti isə 13 manatdan 14-15 manata qalxıb. Çəkisi 12 kiloqrama qədər olan quzuların bir kiloqramı 16 manata, daha çox çəkililərinki isə 15 manata satılır. Bu isə əvvəlki qiymətlərə nisbətdə 1,50 qəpik çoxdur.