PAYTAXT XƏBƏRLƏRİ

"Yasamaldakı qəzaya görə Bakının heç bir yerində su kəsilməyib - Rəsmi açıqlama

"Azərsu" ASC-nin rəsmisi bildirib ki, Badamdar qəsəbəsində 2 su anbarında kifayət qədər su ehtiyatı var.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. Bu gün səhər saatlarında Bakının Yasamal rayonunun Əsəd Əhmədov və Ülvi Bünyadzadə küçələrinin kəsişməsindəki 1 400 millimetrlik su kəmərində baş vermiş qəzaya görə paytaxtın heç bir yerində su təchizatı dayandırılmayıb.
Bunu "Azərsu" ASC-nin operativ idarəetmə şobəsinin rəisi Yaşar Bəşirov bildirib.
"Qəza ilə bağlı əhalinin su təchizatında heç bir çətinlik yoxdur. Badamdar qəsəbəsində bizim 2 su anbarımız və kifayət qədər su ehtiyatımız var. Qəza baş verən andan mərkəzi su anbarından kəmərə suyun verilişi dayandırılıb. Hazırda axıntı dayanıb və "Azərsu"nun qəza birqadası hadisə yerinə cəlb olunub. Qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər görülür", - o deyib. (Report)
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb. Dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub.