RUSİYA

"Şimal axınları"ndakı terrordan sonra Avropanın Türkiyədən keçəcək qaza tələbatı böyükdür

Təxribatdan əvvəl "Şimal axını-1" Belarus və Ukrayna vasitəsilə Qərbi Avropaya daxil olan qaz nəzərə alınmasa, Almaniyaya 110 milyard kubmetr qaz tədarük edib.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. "Şimal axını" və "Şimal axını-2" qaz boru kəmərlərində törədilən terror hücumundan sonra Avropanın "Türk axını" vasitəsilə qaza olan potensial tələbatı böyükdür. Bunu enerji geosiyasəti üzrə mütəxəssis, Azad Brüssel Universitetinin professoru Samuel Furfari bildirib.
Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Türkiyədə qaz habının yaradılması məsələsini ətraflı və operativ şəkildə işlənməsini tapşırıblar, bu vasitəsilə Rusiya qaz tranzitini "Şimal axınları"ndan Qara dənizə və Türkiyəyə daşıya bilər. Ərdoğan hesab edir ki, Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər.
Hazırda Türkiyəyə qaz ildə 31,5 milyard kubmetr layihə gücü ilə "Türk axını" qaz boru kəməri vasitəsilə tədarük edilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ötən gün bildirib ki, bu sistem lazım gələrsə, genişləndirmək potensialına malikdir.
"Potensial tələbat böyükdür. Təxribatdan əvvəl "Şimal axını-1" Belarus və Ukrayna vasitəsilə Qərbi Avropaya daxil olan qazı (həcmlərini) nəzərə almasaq, Almaniyaya 110 milyard kubmetr qaz tədarük edib", - deyə Furfari bildirib.
Eyni zamanda ekspert qeyd edib ki, "Türk axını" "Şimal axını-1"dən 10 dəfə az ötürmə qabiliyyətinə malikdir. Bu səbəbdən qaz tədarükçüsü ölkədən asılı olmayaraq "Türkiyə variantı" "Şimal axını-1"i tam əvəz edə bilməyəcək.
Xatırladaq ki, hücumlar sentyabrın 26-da eyni vaxtda Rusiyanın Avropaya qaz ixrac etdiyi iki boru kəmərinə - "Şimal axını" (hər iki xətt) və "Şimal axını-2" üzrə həyata keçirilib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz boru kəmərlərində fövqəladə vəziyyətin misli görünməmiş hadisə olduğunu və təmirin başa çatma vaxtını dəqiq deməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş açıb.