BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan və İsraildən olan sərnişinlər hava nəqliyyatından istifadə zamanı sadələşdirilmiş nəzarətdən keçəcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanunda əksini tapıb.
Qanuna əsasən, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında hava əlaqəsinin qurulması məqsədilə 2022-ci il iyunun 30-da Tel-Əviv şəhərində imzalanan Saziş 25 maddədən və əlavədən ibarətdir.
Sazişin müddəaları eyni zamanda, Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqələrinə tətbiq edilən müddəaları ilə şərtlənir. Sazişə əsasən razılığa gələn tərəf müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədilə digər razılığa gələn tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə təyin etmək hüququna malikdir.
Həmçinin, Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla, yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərəcəklər.
Xatırladaq ki, oktyabrın 11-də Milli Məclisin plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
Bildirilib ki, Sazişin müddəaları Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqələrinə tətbiq edilən müddəaları ilə şərtlənir. Dövlətlərin əraziləri arasında hava əlaqələrinin qurulması məqsədi ilə bağlanan Sazişə əsasən tərəflər bir-birinə yerə enmədən öz ərazisi üzərindən uçmaq, qeyri-kommersiya məqsədləri ilə öz ərazisində dayanmaq hüquqları verirlər. Tərəflər bir-birinə müəyyən olunan marşrutlar üzrə beynəlxalq hava əlaqələrini yerinə yetirmək məqsədi ilə bu Sazişdə müəyyən edilən hüquqları verir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sənəd barədə rəyi açıqlandıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilmişdi.