PAYTAXT XƏBƏRLƏRİ

Dövlət Yol Polisi Yasamaldakı vəziyyətlə bağlı xəbərdarlıq etdi, FHN yeni video paylaşdı

Araz Əsgərlinin sözlərinə görə, həmin əraziyə bitişik və paralel olan küçələrdə müvəqqəti olaraq hərəkət məhdudlaşdırılıb, hərəkətin tam bərpa olunması aidiyyəti qurumların rəyinə əsasən təmin olunacaq.
Sputnik
BAKI, 26 oktyabr - Sputnik. Bakının Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində ərazidə suçəkmə işləri iki saat ərzində yekunlaşa bilər".
Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qəza səbəbindən ərazidə olan yaşayış binasının, təxminən, 1500 metrlik ərazisində bir metr dərinliyində su olub. Nazirlik rəsmisi bildirib ki, hazırda suyun miqdarı 60 sm azalaraq 30 sm-ə enib.
O, obyektə nə qədər ziyan dəyməsi ilə bağlı dəqiq informasiyaya sahib olmadığını vurğulayıb:
"Çünki hazırda suçəkmə işləri ilə məşğuluq. İki saat ərzində işlər yekunlaşa bilər".
R.Nəsirov bildirib ki, suçəkmə prosesinə FHN-in üç avtomobili və digər vasitələri cəlb olunub.
***
Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.
***
Məlum olduğu kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bununla bağlı sürücülərə xəbərdarlıq edib.
Araz Əsgərlinin sözlərinə görə, həmin əraziyə bitişik və paralel olan küçələrdə müvəqqəti olaraq hərəkət məhdudlaşdırılıb, hərəkətin tam bərpa olunması aidiyyəti qurumların rəyinə əsasən təmin olunacaq.
“Yol polisi əməkdaşları hazırda ərazidə xidmətlərini aparırlarlar ki hərəkət normal şəkildə tənzimlənsin. Qeyd olunan ərazidəki təhlükəli və qəzalı vəziyyəti nəzərə alıb, sürücülərdən həmin istiqamətlərdə hərəkət etməməyi tövsiyə edirik”, - deyə o, vurğulayıb.
***
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, məlumatla əlaqədar FHN-inn müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.
Xatırladaq ki, Bakıda magistral su kəmərində baş verən qəza paytaxt sakinlərini qorxuya salıb. Bu gün səhər saatlarında "+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində qəza baş verib. Dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub. Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyin verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcəyi bildirilir.
PAYTAXT XƏBƏRLƏRİ
Bakıda magistral su kəməri partlayıb - VİDEO