CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət büdcəsindən film çəkilişləri üçün ayrılan vəsait mənimsənilib - AUDİT

Filmlərin smeta dəyərinin düzgün müəyyənləşdirilməməsi bir sıra hallarda ayrılmış vəsaitlərinin istiqamətinin dəyişdirilməsinə səbəb olub, bəzi hallarda isə istehsal dəyərinin düzgün olmayan artımına şərait yaradıb.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. "Dövlət sifarişi ilə çəkiləcək filmlərin seçim prosedurlarının təkmil olmaması filmlərin çəkilməsi üçün tələb olunan vəsaitlərin əsaslı şəkildə proqnozlaşdırılmaması ilə də nəticələnib".
Bu barədə Hesablama Palatası tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı aparılan yoxlama tədbirlərinin nəticələrində qeyd olunub.
Bildirilib ki, nəticədə bəzi hallarda filmlərin 1 vahidinin nəzərdə tutulmuş dəyəri ilə faktiki icra edilmiş göstərici arasında nəzərəçarpacaq fərqlər formalaşıb: "Əhatə olunmuş illərdə bir neçə istiqamət üzrə vəsait nəzərdə tutulmadığı halda, bu məqsədlə vəsait icra edilib, eləcə də il ərzində planlaşdırılmış və həyata keçirilmiş istiqamətlər üzrə fərqlər mövcud olub, filmlərin dəyərinin müəyyənləşdirilməsi ilə bağlı fəaliyyətin düzgün təşkil edilməməsi il ərzində, yuxarıda qeyd edilənlərlə yanaşı, ayrı-ayrı istiqamətlər çərçivəsində də dəyişikliklərlə nəticələnib. Belə ki, vahidinin dəyəri fərqli olan filmlərin sayı icra zamanı bəzi hallarda artırılıb, bəzi hallarda isə azaldılıb. Bu hal 2020-2021-ci illərdə bədii və sənədli filmlər üzrə müşahidə edilib.
2021-ci ildə bəzi hallarda, məsələn, tammetrajlı sənədli filmlər və cizgi filmləri üzrə say müəyyən olunmadan vəsait proqnozlaşdırılması kifayət qədər böyük həcmdə ehtiyat vəsaitin proqnozlaşdırılması ilə icra prosesində həmin vəsaitin digər istiqamətlərə yönəldildiyini qeyd etmək imkanı verir. Ümumilikdə, proqnoz və icra göstəriciləri arasında fərq işin 1 vahidinin dəyəri üzrə, xüsusilə 2020-ci ildə müşahidə olunur. Məsələn, həmin ildə birinin dəyəri 800,0 min manat olan 2 tammetrajlı filmin çəkilişi nəzərdə tutulsa da, ilin sonuna 1 film çəkilişinə 214,2 min manat və ya nəzərdə tutulmuş dəyərdən 3,7 dəfə az vəsait istifadə edilmiş, dəyəri 100,0 min manat olan 2 qısametrajlı debüt bədii filmin çəkilişi proqnozlaşdırılmış, dəyəri 18,4 min manat və ya 5,4 dəfə az olan 1 film istehsal olunub.
Ən böyük fərq qısametrajlı bədii filmin çəkilişində müşahidə edilib. Belə ki, proqnozlaşdırılmış 4 film müqabilində 2 film çəkilib, 1 filmə faktiki çəkilmiş xərc proqnoz göstəricisindən 15,4 dəfə az olub. Bu hal 2021-ci ildə də müşahidə edilsə də, fərq müəyyən qədər az olub. Həmin ildə ən böyük göstərici cizgi filmləri üzrə müşahidə edilib. Eləcə də, debüt filmlərinin istehsalı nəzərdə tutulmasa da, il ərzində bu istiqamətdə vəsait istifadə edilib".
Vurğulanıb ki, filmlərin smeta dəyərinin düzgün müəyyənləşdirilməməsi bir sıra hallarda ayrılmış vəsaitlərinin istiqamətinin dəyişdirilməsinə səbəb olub, bəzi hallarda isə istehsal dəyərinin düzgün olmayan artımına şərait yaradıb: "Belə ki, auditin əhatə etdiyi illərdə seçmə üsulla baxılmış filmlər üzrə bəzi hallarda tələb olunandan artıq vəsaitin nəzərdə tutulması ilə həmin məbləğin digər istiqamətlərə yönəldilməsi halları da müəyyənləşdirilib.
Bəzi hallarda seçilmiş ssenarilər üzrə vəsait ödənişinin növbəti illərdə həyata keçirilməsi hallarına da rast gəlinib. Eyni zamanda, seçmə üsulla baxılmış bəzi filmlərin istehsal dəyərinin, eləcə də studiya xərclərinin artırılması hallarına da yol verildiyi müəyyən edilib.
Dövlət sifarişi ilə filmlərin maliyyələşdirilməsi məqsədilə bəzi hallarda müştərək maliyyələşmə mexanizmi tətbiq olunub. Bağlanmış müqavilələrin icrası üzərində nəzarətin təmin edilməməsi müştərək maliyyələşmə mexanizminin nəzərdə tutulduğu bəzi hallarda filmin faktiki olaraq dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi ilə nəticələndiyini göstərir. Hüquqi aktların təkmil olmaması və bu sahədə Nazirlik tərəfindən monitorinq fəaliyyətinin təşkil edilməməsi dövlət sifarişi ilə filmlərin bir sıra hallarda başa çatdırılmaması, eləcə də icra müddətinin uzadılması ilə nəticələnib".
Auditin əhatə etdiyi illərdə başa çatdırılması nəzərdə tutulmuş filmlər üzrə məlumatların müqayisəli təhlili dövlət studiyaları tərəfindən 44 filmin istehsalının başa çatdırıldığını göstərir: ""Salnamə" studiyasının payı bu göstəricidə daha böyükdür. 2019-cu ildə istehsalına başlanmış cəmi 1 film həmin ildə də yekunlaşdırılıb, bu film istisna olmaqla, kinostudiya tərəfindən ümumilikdə 20 filmə ayrılmış ümumilikdə 7605,1 min manat vəsaitin 33,1%-i çəkilişi dayandırılmış və 15,8%-i çəkilişinə xitam verilmiş filmlərin payına düşüb".
Qeyd edək ki, audit 01.01.2020-ci il tarixindən 01.01.2022-ci il tarixinədək dövrü əhatə edib. Audit 09.03.2022-ci il tarixindən 31.04.2022-ci il tarixinədək keçirilib.