BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş İsa Əkbər oğlu Həbibbəyli bu vəzifəyə təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
Tədbirdə AMEA-nın prezidenti vəzifəsinə seçki keçirilib.
Akademik Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibbəylinin namizədliyini təklif edib.
AMEA prezidentliyinə namizədlə bağlı akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Zemfira Səfərova, Kamal Abdullayev və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademik İsa Həbibbəylinin zəngin elmi-təşkilati fəaliyyəti, elm və təhsilin intreqrasiyası və inkişafı sahəsində bu günə qədər gördüyü işlər və şəxsi məziyyətləri barədə fikirlərini bildirib, onun namizədliyini dəstəkləyiblər.
Daha sonra AMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin keçirilməsi üçün akademik Fəxrəddin Qədirovun sədrliyi, akademiklər – Nərgiz Axundova, Telman Əliyev, İsmayıl Hacıyev və Nazim Məmmədovun üzvlüyündən ibarət hesablayıcı komissiya yaradılıb.
Daha sonra akademik Fəxrəddin Qədirov səsvermənin nəticələrini açıqlayıb.
Səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçilib.
Xatırladaq ki, akademik 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.