BAKI, 26 oktyabr — Sputnik. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı təmir-bərpa işləri davam edir, qəzanın nəticələri bu günün sonuna tam aradan qaldırılacaq.
Bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı bildirib.
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı
© Sputnik / Irade JELIL
O, ərazidə yerləşən obyektlərə dəymiş ziyanla bağlı məsələyə də münasibət bildirib.
"Kompensasiya məsələsini "Azərsu" həll etmir. Bu, sığorta ilə bağlı məsələdir", - qurum rəsmisi bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb. Dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Hal-hazırda qeyd olunan marşrtlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.
Bakıda magistral su kəmərində qəzanın baş verdiyi ərazidə asfalt və səkilər yuyulur. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.