TƏHSİL

Qızlarda davamlı təhsilə maraq və liderlik keyfiyyətləri məktəbdə formalaşdırılmalıdır

Elgün Səfərov deyib ki, qızların cəmiyyətdə təmsilçiliyinin artırılması, onların təhsil hüququnun qorunması vacibdir.
Sputnik
BAKI, 25 oktyabr - Sputnik. Son illər Azərbaycanda erkən nikahın qarşısının alınması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Bununla belə hələ də məktəb yaşlı qızlar arasında erkən nikah hallarına rast gəlinir. Məsələ ictimailəşdikdən sonra aidiyyatı qurumlar tərəfindən erkən nikahın qarşısı alınsa da, cəmiyyətdə belə halların baş verməməsi üçün ciddi addımların atılması vacibdir. Çünki, erkən nikah qızları davamlı təhsildən yayındıran əsas məqamlardan biridir. Mütəxəssislər də erkən nikahın qarşısının alınması üçün hələ məktəblərdə maarifləndirici tədbirlərin keçirilməsinin, qızlara davamlı təhsilin onların gələcəyinə təsiri barədə bilgilərin verilməsinin zəruri olduğunu vurğulayırlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, Azərbaycanda son 10 ildə uşaq nikahlarının azalması müşahidə olunur. Onun sözlərinə görə, bunun bir səbəbi Azərbaycanın Cinayət Məcəlləsində aparılan dəyişikliklərdir.
İmtiyazlı şəxslər üçün nikah yaşının aşağı salınmasının aradan qaldırılması təklif edilib
Şöbə müdiri qeyd edib ki, Azərbaycanda nikah yaşının imtiyazlı şəxslər üçün bir yaş da aşağı salınmasının aradan qaldırılması nəzərdə tutulur. Artıq Komitə bununla bağlı Milli Məclisə təqdim olunması üçün təkliflərini hazırlayıb. E.Səfərov həmçinin vurğulayıb ki, BMT-nin müvafiq qərarları ilə nikah yaşının 18-dən aşağı olması yolverilməzdir.
E.Səfərov son illər Azərbaycanda uşaq nikahlarının statistikasının da aşağı düşdüyünü söyləyib. Bildirib ki, bu rəqəm son illərdə 5 mindən azalıb: “ 2020-ci ildə 156, 2021-ci ildə isə 137 fakta düşüb. Bu da yaxşı nəticə kimi qiymətləndirilə bilər. Bu uşaq nikahlarından doğuşların da sayına təsir edib. Əvvəl bu rəqəm 3200 idisə, 2021-ci ildə 1600 uşaq nikahlarından doğulma faktı qeydə alınıb”.
Həmsöhbətimiz deyir ki, qızların cəmiyyətdə təmsilçiliyinin artırılması, onların təhsil hüququnun qorunması vacibdir. Bunun üçün isə hələ məktəb dövründə qızlarda davamlı təhsilə meylin artırılması istiqamətində maarifləndirici söhbətlər aparılmalı, onlardaözünə inam, liderlik qabiliyyətləri formalaşdırılmalıdır.
Qızlar arasında İKT-yə maraq artıb
E. Səfərovun sözlərinə görə, son illərdə ölkəmizdə qızların İKT və qeyri-ənənəvi təhsil sahələrində təmsilçiliyinin artması müşahidə olunur. Bu rəqəm hazırda 30 -45 faizə çatıb: “Bu da nəticədə qızların məşğulluq sahəsində iştirakına imkan yaradır. Bu gün qızlar artıq İKT sahəsində ali təhsilə yiyələnərək əmək bazarında yüksək maaşlı işlərdə çalışırlar. Ümumtəhsil müəssisələrində bu cür nümunələr qızlar arasında təbliğ edilməli, onlara davamlı təhsilin yaradacağı imkanlardan bəhs edilməlidir. Qızlar hələ məktəb dövründən davamlı təhsilin onların gələcək həyatlarında rolunu anlamalıdırlar ki, bu istiqamətə hədəflənsinlər”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-2021-ci ildə dövlət ümumtəhsil məktəblərində təhsil alan qızların bütün siniflərdə ümumi sayı 762 429 olub. Bundan 11 il əvvəl 2010-2011-ci ildə isə bu rəqəm 611 698 idi. Dövlət Statistika Komitəsinin statistik məlumatlarında əsasən regionlardakı vəziyyətdə göstərilib.
Belə ki, Şәki-Zaqatala iqtisadi rayonunda 10-11-ci sinifdə təhsil alanların ümumi sayı 20 121 olub ki, onlardan 8 641-ni qızlar təşkil edib.
Şərqi Zəngəzur iqtisadi zonasında qeyd olunan rəqəm müvafiq olaraq 10169 və 4 410-dur. Şirvan-Salyan iqtisadi rayonunda həmin rəqəm müvafiq olaraq 5 454 və 2123-dür.
Dağlıq Şirvan iqtisadi rayonunda təhsilalanların ümumi sayı 6011, qızların sayı 2710-dur. Gәncә-Daşkәsәn iqtisadi rayonunda qeyd olunan göstərici müvafiq olaraq 17 450 və 7 899 olub.
Qarabağ iqtisadi rayonunda həmin rəqəm 17 829 və 7 767 olub. Quba-Xaçmaz iqtisadi rayonunda rəqəmlər müvafiq olaraq 32 803 və 12763-dür.
Lәnkәran-Astara iqtisadi rayonunda ümumi təhsil alan 7119 nəfərdən 3 446-nı qızlar təşkil edib. Mәrkәzi Aran iqtisadi rayonunda 14 816 şagirdin 6 642-si qızlardır.
Mil-Muğan iqtisadi rayonunda 6467 şagirddən 3100-ü qızlardır.
5-9-cu siniflərdə qızların davamiyyətində, buraxdıqları dərs günlərinin sayında artım var
Statistikaya görə, xüsusən də 5-9-cu siniflərdə qızların davamiyyətində, buraxdıqları dərs günlərinin sayında artım var. Dövlət Statistika Komitəsinin sonuncu hesabatında qeyd olunur ki, ölkədə 15-17 yaşlı qızlar tərəfindən dünyaya gətirilən diri körpələrin sayı 1917 olub, 1219 belə hal kənd yerlərində baş verib. Bu isə ən azı 1917 qızın təhsildən yayındığını deməyə əsas verir.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə də ötən il qızların təhsildən yayınması ilə bağlı qorxunc rəqəmləri açıqlamışdı. O, qeyd etmişdi ki, bəzi regionlarda 9-cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma var. Qızların 9 illik buraxılış imtahanından sonra təhsillərini davam etdirməməsi, erkən nikah və ya təhsildən uzaq tutulması kimi hallar mövcuddur.
Açıqlanan statistikaya əsasən ötən il 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.94%- ni (63013 nəfər) oğlanlar, 46.06%-ni (53814 nəfər) qızlar təşkil edib. 11-ci siniflər üzrə buraxılış imtahanında da mənzərə, demək olar ki, buna oxşar olub və imtahanda iştirak edən şagirdlərin 54.30%-i (42920 nəfər) oğlan, 45.70%-i (36123 nəfər) qızlar olub.
Qeyd: Bu məqalə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği” layihəsi çərçivəsində yazılıb.