HƏRBİ

Azərbaycan və Macarıstan hərbi əməkdaşlığı genişləndirmək qərarına gəliblər

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə macar həmkarı Kristof Szalay-Bobrovnicski ilə görüşüb.
Sputnik
BAKI, 25 oktyabr - Sputnik. Azərbaycanla Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə macar həmkarı Kristof Szalay-Bobrovnicski ilə görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Bu günlərdə Macarıstanın Baş naziri Viktor Orban könüllülərin andiçmə mərasimində demişdi ki, Macarıstan Avropa iqtisadiyyatını sarsıdan sanksiyalar fonunda uzun sürən münaqişə ehtimalı olduğu bir vaxtda güclü ordu qurmalıdır.
"Biz dəvəquşu kimi başımızı qumda gizlədə bilmərik. Belə getsə, qitənin iqtisadiyyatı diz çökəcək, insanlar təhlükə altında qalacaq", - Orban bildirib.
Baş nazir vurğulayıb ki, Macarıstana zərbə vurmağa hazır və sülhü təmin etməyə qadir ordu lazımdır.
Xatırladaq ki, Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən “Saha Expo" Müdafiə və Aerokosmik sərgisinin açılış mərasimində iştirak edib.
Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Məlumata görə, general-polkovnik Z.Həsənov sərgidə "Roketsan", "TUSAŞ", "HAVELSAN", "BAYKAR", "TUALCOM" və “ASELSAN” şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.