RUSİYA

Peskov: Putin Şolts və Makronla nadir hallarda danışır

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya və Türkiyənin kifayət qədər güclü ticarət-iqtisadi əlaqələri var.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Türkiyə Almaniya və Fransadan fərqli mövqedədir, buna görə də Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şolts və Fransa lideri Emmanuel Makrondan daha çox Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Ankara Ukraynada nizamlanma üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bəyan edib və Rusiya prezidenti bunu yüksək qiymətləndirib.
O, həmçinin qeyd edib ki, Rusiya və Türkiyənin kifayət qədər güclü ticarət-iqtisadi əlaqələri var - ölkələr birgə iri layihələr həyata keçirirlər və bu, iki dövlət başçısının tez-tez ünsiyyət qurmasına səbəb olur.
"Cənab Makron və cənab Şoltsa gəlincə, sadəcə olaraq, son vaxtlar onlar Rusiya tərəfinin mövqeyini dinləmək və vasitəçilik yardımı göstərmək üçün istəklərini nümayiş etdirmirlər. Ona görə də onlarla əlaqələr azalıb", - deyə Kremlin sözçüsü qeyd edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son bir ayda Rusiya Prezidenti Vladimir Putinlə 5 dəfə danışıqlar aparıb.
Eyni zamanda, Rusiya və Türkiyə Avropanı yanacaqla təmin edəcək qaz habının qiymətləndirilməsi və layihələndirilməsi üzərində işləyir.
Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacağını bildirib.