Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması prizmasından keçir. Bunu politoloq və analitik Sahil İsgəndərov Sputnik Azərbaycan-a müsahibəsində deyib.
“Ermənistan tərəfindən münasibətlərin yaxşılaşdırılması və sülh sazişinin imzalanmasının zəruriliyi ilə bağlı bəyanatların olmasına baxmayaraq, biz konkret addımları görmürük”, - deyə İsgəndərov qeyd edib.
Analitikin fikrincə, 44 günlük müharibə başa çatdıqdan sonra Bakı, Ankara və Moskva regionun bütün ölkələri üçün faydalı olan yeni geosiyasi konfiqurasiya formalaşdırıblar.
Ekspert vurğulayıb ki, Moskva əməkdaşlığın yeni reallıqlarının memarlarından biridir, lakin ABŞ-ın təmsil olunduğu müəyyən qüvvələr öz maraqları naminə proseslərə daxil olmağa və Bakı-Moskva-Ankara siyasi üçbucağının əməklərini oğurlamağa çalışırlar.
"Fransa prezidentinin Azərbaycanla bağlı təxribat xarakterli bəyanatları Brüssel formatının imicinə ciddi zərbə vurub. Bəli, əvvəlcə Moskva və Brüssel arasında formatlar tandemi perspektivli hesab edilsə də, Makron Cənubi Qafqazdakı vəziyyəti sabitsizləşdirməyə çalışır", - deyə İsgəndərov fikrini yekunlaşdırıb.