AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev və İrakli Qaribaşvili "Qarabağ xanlığının irsi" sərgisi ilə tanış olublar

Görüş Tbilisidən çox da uzaq olmayan Baqration-Muxranskilərin malikanəsi Şato Muxranidə baş tutub.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) "Qarabağ xanlığının irsi" sərgisi ilə tanış olublar. Sərgidə "Qarabağ xanlığı. Tarixi və mədəni kimlik" kitabı təqdim edilib.
Qeyd edək ki, sərgidə nümayiş olunan fotolar "Qarabağ xanlığı. Tarixi və mədəni kimlik" kitabından seçilərək götürülmüş artefaktlar əsasında hazırlanıb. Onların arasında Qarabağ xanlığına aid edilən bayrağın məlum olan ilk təsvirini, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, qədim xalçaları, Sərdar məscidinin və onun fasadının dekorasiya plitələrini, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini, XIX əsrin sonu-XX əsrin əvvəllərində Sərdar xan sarayının fasadını və daxili görünüşünü, XIX əsrə aid at yəhərini, iki tar və üçsimli kamançanı əks etdirən fotolar, Mirzə Qədim İrəvaninin müəllifi olduğu Həsən Qulu xan Qacarın, Fətəli şah Qacarın portretləri xüsusi maraq doğurur.
Müəlliflər qrupunun rəhbəri, professor Eldar Nadiradze "Qarabağ xanlığı. Tarixi və mədəni kimlik" adlı kitabda isə XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanılığına aid olan 300-dən çox artefaktın rəsmi toplanıb. Bu artefaktlar muzeyin arxivinə təhvil verildikdən sonra müəyyən səbəblərdən heç vaxt açılmayıb və 100 ildən artıq bir dövrdə arxivdə kataloqlaşdırılmadan saxlanılıb.
Çox nadir mədəni irsimizin göstəricisi olan nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına, onun zəngin mədəni irsinə beynəlxalq marağın artmasına töhfə verəcək. Qeyd edək ki, kitab Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunub.
***
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında "Qarabağ xanlığının irsi" sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış edirlər. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
***
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfərə gedib.
Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü gözlənilir.
Görüş Tbilisidən çox da uzaq olmayan Baqration-Muxranskilərin malikanəsi Şato Muxranidə baş tutacaq. Qaribaşvili və Prezident İlham Əliyev də saat 14:00-da mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.