BAKI, 24 oktyabr — Sputnik. "Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Gürcüstanın bir-birini daim dəstəklədiyini qeyd edərək deyib ki, eyni zamanda, ikitərəfli formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
"Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz də hazırıq. Ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin doqquz ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana üç milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib.
Mçxeta rayonundakı Muxrani sarayında "Qarabağ xanlığının irsi" sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış edirlər.