BAKI, 22 oktyabr — Sputnik. Gürcüstanın şərqindəki Kvemo Kartli bölgəsindəki kəndlərdən birində qarayara xəstəliyinə yoluxma halı aşkarlanıb. Bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb. Dmanisi bələdiyyəsinin Zemo Karabulax kəndində iki baş iribuynuzlu heyvanın tələf olması ilə bağlı şöbəyə məlumat daxil olub. Agentliyin baytarları dərhal hadisə yerinə gedib, patoloji material götürüb və laboratoriyada müayinə ediblər.
"Laborator müayinələr nəticəsində qarayara xəstəliyi təsdiqlənib", - Agentliyin məlumatında deyilir.
Xəstəliyə yoluxmuş mal-qaralar yandırılaraq basdırılıb, dezinfeksiya işləri aparılıb, ətrafda heyvanların profilaktik peyvəndlənməsi həyata keçirilib. Həmçinin yerli hökumətlə razılaşdırılaraq, Zemo Karabulax ərazisində karantin elan edilib ki, bu da karantin zonasında mal-qaranın hərəkətinə, yarmarkalarda heyvanların satışına, heyvandarlıq məhsullarının istehlakına və satışına qadağa qoyulması deməkdir.
Milli Qida Agentliyi bəyan edib ki, baytar həkimləri hər il bir milyona qədər heyvanı qarayaraya qarşı peyvənd edirlər. 2021-ci ildə Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi ölkədə heyvanlar arasında qarayara xəstəliyinə yoluxma halının 2013-cü illə müqayisədə 90% azaldığını bəyan edib.
Qarayara xəstəliyi ev və vəhşi heyvanlara, eləcə də insanlara təsir edən təhlükəli yoluxucu xəstəlikdir. İnsana infeksiya daha çox təmasda (heyvan cəmdəklərini kəsərkən, dəriləri emal edərkən və s.) və sporlarla çirklənmiş qidaları qəbul edərkən, həmçinin su, torpaq, xəz məhsulları və sairlə keçə bilər. 2022-ci ildən dövlət mal-qarası qarayaradan tələf olan fermerlərə pul kompensasiyası ödəməyi öhdəsinə götürüb. Kompensasiya almaq üçün laboratoriyada qarayara xəstəliyi təsdiqlənməlidir. Həmçinin mal-qarası peyvənd edilmiş və qulaq etiketləri ilə eyniləşdirilən fermerlər kompensasiyaya arxalana bilərlər. Heyvan və fermer haqqında məlumatlar elektron eyniləşdirmə-qeydiyyat sisteminə daxil edilməlidir.
Qarayaraya yoluxmanın Gürcüstanın əsasən azərbaycanlılar yaşayan ərazisində qeydə alınması ölkəmizdə narahatlıq yaratmaya bilməz. Quru yolla Gürcüstana gediş-gəliş bağlı olsa da, istisna hallarda buna icazə verilir. Həmçinin Gürcüstanda yaşayanların Azərbaycana gediş-gəlişi hava yolu ilə aparılır.
Bəs görəsən bu Azərbaycan üçün təhlükə yarada bilərmi?
Sputnik Azərbaycan-ın Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) ünvanladığı sorğuya verilən cavabda bildirilib ki, başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görür.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, heyvan mənşəli xəstəlik qeydə alınan ərazilərdən heyvan mənşəli məhsulların, diri heyvanların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunur. Hələlik isə WOAH-nun belə bir qərarı yoxdur. Yalnız epizootik sağlamlıq statusu olan ərazilərdən heyvan mənşəli məhsulların idxalına icazə verilir.
Bununla yanaşı, ölkə ərazisində epizootoloji sabitliyin qorunub saxlanılması məqsədilə respublika ərazisində dövrü olaraq epizootoloji monitorinqlər həyata keçirilir. Həyata keçirilən monitorinqlər zamanı heyvanlardan götürülən nümunələr müvafiq laboratoriyalarda analizlərə cəlb edilir.
İnəklər, arxiv şəkli
© AP Photo / Michael Conroy
Qurumdan verilən məlumata görə, qarayara kəskin zoonoz xəstəliklərdəndir. Tibbdə daha çox "Sibir xorası" adı ilə tanınır:
"Qarayara bütün növ kənd təsərrüfatı və vəhşi heyvanların, həmçinin insanların xüsusi təhlükəli xəstəliyidir. Xəstəlik heyvanın ağız, burun və anus dəliyindən qanlı köpük axması, qanının laxtalanmaması, qısa müddətdə ölməsi, cəsədinin şişməsi şəklində özünü büruzə verir. Heyvanlarda xəstəliyə xas simptomlar aşkar edildikdə dərhal onu təcrid edib, baytar mütəxəssisə məlumat verilməlidir. Qarayaraya şübhəli heyvan leşi uyğun şəkildə basdırılmalıdır və cəsədin yarılması yolverilməzdir. Mal-qaranı qarayaradan qorumaq üçün təsərrüfatda baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunmalıdır".
Məlumatda o da bildirilir ki, yeni heyvan aldıqda karantində saxlanmalıdır:
"Qarayara xəstəliyinin yayılmasının qarşısının alınması, profilaktikası məqsədilə peyvəndləmə aparılması şərtdir. İnsanlar qarayaraya təkcə xəstə heyvanın ət və südündən, eləcə də südündən emal olunmuş məhsullardan istifadə etməklə, xəstə mal-qara və ya onun məhsulu (yun) ilə təmasda olmaqla deyil, həm də qansoran həşəratların dişləməsi ilə də yoluxa bilərlər".
Həmçinin qeyd olunur ki, qarayara sporları ilə çirklənmiş torpaqla təmas da təhlükəlidir:
"Bu təhlükəli infeksiyadan qorunmaq üçün heyvanlara qulluq etdikdə gigiyena qaydalarına mütləq əməl olunmalıdır. Ət və süd məhsulları çiy, yarıbişmiş şəkildə istifadə edilməməlidir. Xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan yerlərdən ət almamaqdır. Heyvan kəsimi baytar mütəxəssisin nəzarəti ilə həyata keçirilməlidir. Həmçinin heyvanların peyvəndlənməsindən sonra gözləmə müddətinə əməl olunması vacibdir".
Xatırladaq ki, bu ilin sentyabr ayının 1-də Bərdə rayonunun Piyadalar kənd sakini tərəfindən daxil olmuş məlumat əsasında Bərdə rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bərdə şöbəsinin, Bərdə Rayon Mərkəzi Xəstəxanasının, Baytarlıq İdarəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Piyadalar kənd Bələdiyyəsinin və Polis Şöbəsinin əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən kənd ərazisində monitorinq aparılıb. TƏBİB-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, monitorinq zamanı kənd əhalisindən 6 nəfərin əl və qol nahiyələrində qarayara xəstəliyinə xas yaraların olduğu müşahidə edilib.
TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinin həkim mütəxəssisinin tövsiyəsi ilə həmin şəxslər Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib.
Xəstələrdən götürülən laborator müayinə üçün nümunələr Səhiyyə Nazirliyinin Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Götürülən nümunələrdən 3-nün nəticəsi müsbət olub. Laborator müayinə nəticələri müsbət olan şəxslərin Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsində müalicə olunub.
Onu da əlavə edək ki, respublika ərazisində qarayara xəstəliyinə qarşı peyvəndləmə "Azərbaycan Respublikası üzrə 2022-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq aparılır.