BAKI, 22 oktyabr - Sputnik. Şəkərli diabet bütün dünyada mühüm tibbi, iqtisadi və sosial problem sayılır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, 2021-ci ildə dünyada 537 milyon şəkərli diabet xəstəsi qeydiyyata alınıb, lakin 2045-ci ilə bu xəstələrin sayında 783 milyona qədər artım gözlənilir. Ölüm səbəbinə görə şəkərli diabet xəstəliyi kardioloji və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında endokrinoloq Şəbnəm Əliyeva deyib.
O bildirir ki, statistik məlumatlara görə, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayında artım müşahidə olunur: “Ötən ilin əvvəlinə olan statistik məlumata görə 306 min 219 diabet xəstəsi qeydiyyatdan keçib. Onlardan 30076 nəfəri tip1 şəkərli diabet xəstəsidir, 276143 nəfəri tip 2 şəkərli diabet xəstəsidir. Çox təəssüf ki, hazırda diabet yaşı cavanlaşıb. Əgər əvvəllər diabet 50-60 yaşda yaranırdısa, indi 25-30 yaşda yaranır. Diabet artıq çəki və piylənmə ilə birgə müşahidə olunur və bu vəziyyət son zamanlar çox geniş yayılıb”.
Həkim bildirir ki, 20-25 yaşda 2-3-cü dərəcəli piylənməsi olan şəxslərə çox vaxt şəkərli diabet diaqnozu qoyulur və onlarda müalicəyə ehtiyac yaranır.
Uşaqlar arasında da diabet genişlənir
Həkim bildirir ki, tip 1 diaqnozlu uşaq və yeniyetmə pasientlərin sayı -1,2 milyondan artıqdır: “Birinci tip şəkərli diabet yeniyetmələrdə daha çox rastlaşılır və bu elə daha çox da yeniyetmələrin xəstəliyi olaraq bilinir. Əksər hallarda körpə uşaqlarda şəkər xəstəliyinin ola biləcəyini düşünmürlər, lakin bu belə deyil. Uşaqlar arasında şəkər xəstəliyi daha çox yeniyetməlik dövründə yaransa da, körpəlik çağında da bu xəstəlik müşahidə olunur”.
Həkim bildirir ki, uşaqlarda şəkər xəstəliyinin ortalama yaşı 8-dir: “Son illərdə kiçik yaşlı uşaqlarda diabetin görülmə sıxlığının artması və diabetin ən çox 3 dövrdə (2-4, 6-8 və 10-12 yaşlarda) yaranması qeyd olunur”.
Hamiləlik zamanı olan risklər
Həkim bildirir ki, hamiləlik zamanı qanda şəkərin yüksəlməsi (hestasion diabet) maddələr mübadiləsinin pozulması ilə əlaqədar şikayətlər çox olur: “Gələcək anaların orta hesabla 7 %-i (1%-dən 20%-ə qədər) bu problemlə üzləşir. Əksəriyyətində doğuşdan sonra bu patologiya izsiz keçib gedir, amma 10-15%-ində 2-ci tip şəkərli diabetə keçir. Bunun qarşısını almaq üçün hamiləliyin ilk günlərindən sağlam qidalanmaq (sellüloza tərkibli, yağlılığı aşağı olan qidaların qəbuluna üstünlük verilməlidir), fiziki aktivliyi qorumaq lazımdır. Bundan başqa, sağlam çəkidə hamiləlik planlaşdırılmalı və tövsiyyə olunduğundan artıq çəki yığılmaması məsləhət görülür. Qlikemik indeksi yüksək olan qidaların (şəkər, şəkər tozu, bal, şəkərli içkilər-Coca cola, Fanta, Pepsi, ağ düyü, ağ çörək, kartof püresi, kartof çipsləri, yağlı və südlü şirniyyatlar, xəmir yeməkləri, makaron, spaqetti, krekerlər), konservalar, konservant və boyaq maddəsi tərkibli istənilən qidaların, fast-food, doymuş yağ və trans yağ tərkibli qidaların qəbulu hestasion diabetin yaranma riskini artırdığı üçün bunların qəbulundan imtina etmək lazımdır”.
Şəkər xəstəliyinin geniş yayılmasının digər səbəbləri
Həkim qeyd edir ki, son zamanlar sürətlə artan və genetik ötürülən şəkər xəstəliyinin əsl günahkarı azhərəkətli həyat tərzi və düzgün olmayan qidalanmadır: “Düzgün olmayan qidalanmaya qanda şəkəri sürətlə yüksəldən qidaların (şəkərli qazlı içkilər, hazır meyvə suları, ağ un, ağ çörək, ağ düyü), qırmızı və işlənmiş ətlər (kolbasa, sosiska), doymuş trans yağlar, paketlənmiş qidaların istifadəsi aiddir. Aparılan araşdırmalara görə bunların günlük rasionda çox sıx istifadəsi tip 2 şəkərli diabet riskini 70% artırır”.
Hansı qidalar qanda şəkəri artırır?
Həkim deyir ki, qanda şəkəri sürətlə yüksəldən karbohidratlı qidalara - şəkər, bal, mürəbbə, cem, marmelad, şəkərli sular, şokolad, dondurma, şirniyyatlar, şərbətlər, undan hazırlanmış yeyəcəklər –çörək, lavaş, əriştə, makaron; düyü aiddir: “Bundan başqa, gündəlik olaraq uşaqlara alınan hazır paketlənmiş şirniyyatlar, çipsi kimi atışdırmalıq qidaların tərkibində olan ziyanlı, doymuş və trans yağlar qandakı xolesterin səviyyəsini artırır, yüksək xolesterin şəkər xəstəliyi üçün önəmli risk faktoru yaradır. Həmçinin bu qidaların və şirin qazlı içkilərin qəbulu mədəaltı vəz tərəfindən insulin sekresiyasını artırır, bu da insulin dirəncini artırmaqla şəkərli diabetin yaranmasına təkan verir”.
Nə etmək olar?
Həkim bildirir ki, tədqiqatlar da göstərir ki, həyat tərzini dəyişmək şəkərli diabetdən qorunmanın ən effektiv yoludur: “Bunun üçün rafinə olunmuş karbohidratlardan və şəkərdən imtina etmək, mütəmadi olaraq idmanla məşğul olmaq, çəkini optimal normada saxlamaq, su qəbulunu artırmaq, streslərdən uzaq olmaq, siqaret çəkməkdən və spirtli içkilərdən imtina etmək məsləhət görülür. Qidalanmanın əsas hissəsini tərəvəz, meyvə, yarmalar (qarabaşaq, yulaf yarması və s.), yağlılığı aşağı olan süd məhsulları, yağı az olan ət, balıq, toyuq təşkil etməlidir. Daha tez-tez və daha az-az qida qəbul edin”.