AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident: Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident İlham Əliyev Macarıstan dövlət başçısını təbrik edib
Sputnik
BAKI, 22 oktyabr - Sputnik. Prezident İlham Əliyev Macarıstanın Prezidenti xanım Katalin Novaka məktub ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.
Dinamik inkişaf edən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, ticari, enerji, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı faydalı əməkdaşlığımız ilə müşayiət olunur.
İnanıram ki, strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi, beynəlxalq strukturlar, xüsusilə də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.