BAKI, 22 oktyabr - Sputnik. Ombudsman Ermənistanın mina terrorunun qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyətə növbəti dəfə çağırış edib.
Ombudsman Aparatından daxil olan çağırışda deyilir:
“Azərbaycanın işğaldan azad olunmuş Laçın rayonunda piyada əleyhinə minanın partlaması daha iki vətəndaşımızın mina terrorunun qurbanına çevrilməsi ilə nəticələnmişdir. Təəssüf ki, Laçın rayonunun Suarası kəndində təmir-tikinti işləri ilə məşğul olan Elsevər Həmidov mina partlayışı səbəbindən aldığı ağır xəsarətlərdən vəfat edib, Səbuhi Həsənov isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu faciəvi hadisə bir daha sübut edir ki, Ermənistanın Azərbaycanın mülki yaşayış məntəqələrində təsadüfi qaydada basdırdığı işarələnməmiş minalar insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmaqla onların fundamental hüquqlarının pozulmasına gətirib çıxarır.
Minalanmış ərazilərin etibarlı xəritələrinin təxirə salınmadan Azərbaycan tərəfinə verilməsinin həyati önəm daşıdığını dəfələrlə vurğulamağımıza baxmayaraq, cəzasızlıqdan ruhlanan Ermənistan hərbi-siyasi rəhbərliyi bu məsələdə də etinasızlıq göstərərək, beynəlxalq hüquqa saymazyana münasibətini davam etdirir.
Belə ki, bu günlərdə Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında Azərbaycan Ombudsmanının da qeyd etdiyi kimi, Ermənistan tərəfindən hələ də diversiya qrupları vasitəsilə minalama işləri aparılmasına cəhdlər edilir. Həmçinin ANAMA tərəfindən həmin konfransda verilən məlumata əsasən, Ermənistanın təqdim etdiyi mina formulyarlarının səmərəliliyi cəmi 2 faiz olub.
Bir daha dünya ictimaiyyətinə müraciət edərək, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn normalarına zidd olaraq Azərbaycan ərazilərində işarələnmədən basdırılmış minaların insanların həlak olmasına, sağlamlığını itirməsinə və ya əlilliyinə səbəb olduğunu, regionda ədalətli sülhün və təhlükəsizliyin təmininə ciddi təhdid yaratdığını diqqətə çatdırır və torpaqların minalarla çirkləndirilməsinin qarşısının qəti şəkildə alınmasına, dəqiqliyinə zəmanət verilən mina xəritələrinin ölkəmizə təqdim olunmasına dəstək verməyə çağırırıq”.