BAKI, 22 oktyabr — Sputnik. Körpələrin ürək qüsuru ilə doğulmasının səbəbləri sırasında genetik amillə yanaşı anaların zərərli vərdişlərə aludə olması da dayanır. Bunu Sputnik Azərbaycan-a açıqlamasında invaziv kardioloq Emin Hacıbalayev deyib.
Onun sözlərinə görə, bundan başqa, bir sıra xəstəliklər də körpələrin ürək qüsuru ilə dünyaya gəlməsinə səbəb olur.
Mütəxəssis bildirib ki, körpələrin ürək qüsuru ilə doğulmasının səbəbləri arasında diabet, zob, vitamin çatışmazlıqları da var:
"Əlavə olaraq qeyd edim ki, teratogen effekti yaradan dərmanlaırn qəbulu, bəzi antibiotiklər, qan təzyiq ilə bağlı dərmanların qəbulu da ürəkdə qüsur yarada bilər".
Bu xəstəliyi əvvəlcədən necə müəyənləşdirmək olar?
Həkim bildirir ki, USM, həmçinin qan analizləri ilə xəstəliyi müəyyən etmək mümkündür:
"Genetikaya bağlı olan qüsurlar haqda isə onu deyə bilərəm ki, ana bətnində genetik xəstəliklərin qarşısını almaq mümkün olmasa da, onların fəsadlarının qarşısını almaq, müəyyən korreksiya aparmaq bəzən mümkün olur".