CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beh ilə daşınmaz əmlakla bağlı bəzi problemlər aradan qalxacaq

Beh verəcək tərəflər bundan sonra yüz dəfə götür-qoy etməli olacaqlar
Sputnik
BAKI, 22 oktyabr - Sputnik. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi proseduru dəyişir. Evlərin alqı-satqısına dair prosedur dəyişir. Bundan sonra beh notariat qaydada təsdiqlənəcək.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Mülki Məcəlləyə təklif olunan dəyişiklikdə bu nüanslar əksini tapıb.
Mənzil almaq istəyənləri ən çox maraqlandıran sual budur: Behin notariat qaydada təsdiqlənməsi nədir?
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla şəxsin bir mənzili almaq isəyi rəsmiləşmiş olacaq: "Bu dəyişikliklərə əsasən "beh" müqaviləsi elektron qaydada tərtib olunaraq həm də daşınmaz əmlakın reyestr xidmətində əksini tapmış olacaq. Burda söhbət ondan ibarətdir ki, əvvəllər beh notarial qaydada, sənəd üzərində olurdu. Lakin daşınmaz əmlakın reyestrında bu sənəd əksini tapmırdı".
"Dəyişikliklərlə reyestrda mənzil üçün behin verildiyi və bunun üçün ər-avadın razılıqlarının olduğu görüləcək. Belə olan halda sonrakı prosesdə sənədlərin hazırlanması üçün baza da yaradılmış olacaq", - deyə o əlavə edib.
Ekspert bildirir ki, tərəflər arasında imzalanan "beh"müqaviləsi daşınmaz əmlakın reyestr xidmətində əksini tapmırdı.
Müzakirə olunan qanun layihəsiin bəzi detalları artıq bəlli olduğunu deyən daşınmaz əmlak üzrə digər ekspert Ramin Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "beh" müqaviləsinin rəsmiləşdirilməsi bir tərəfdən prosedurları asanlaşdıracaq: "Belə olan halda beh alan tərəf üçün artıq müəyyən problemlər həll olunmuş olacaq. Yəni kimsə behi verib, sonradan geri almayacaq və beh verən tərəf bu müqaviləyə imza atmazdan əvvəl daha çox götür-qoy edəcək".
"Əks halda, beh verən tərəf bu öhdıliyi pozacağı halda qarşı tərəfə əlavə vəsait ödəyəcək", - deyə o əlavə edib.
Ekspert bildirir ki, uzun illərdir ki, daşınmz əmlakın qyediyyatı ilə bağlı Azərbaycanda müəyyən addımlar atılır: "Düşünürəm ki, bu dəyişikliklər prosesin bir qədər də asanlaşmasına kömək edəcək".
Qeyd edək ki, beh müqaviləsinin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.
Layihəyə əsasən, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq ediləcək.
Mülki Məcəllənin 225.6-cı maddəsində isə qeyd olunur ki, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.