BAKI, 21 oktyabr — Sputnik. Paytaxtın nəqliyyat sahəsindəki problemlər, qanunsuz taksi fəaliyyəti, parklanma və digər çatışmamazlıqların aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi proseslərinə başlanılıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeçiliyində Baki Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində birgə reydlər keçirilir.
Reydlər zamanı əsasən lisenziyası olmayan, standartlara cavab verməyən, qanunsuz fəaliyyət göstərən taksilər aşkarlanıb, sürücülərlə müvafiq maarifləndirmə söhbətləri aparılıb, müvafiq izahatlar verilib, onlar qanunun tələblərinə uyğun fəaliyyət göstərməyə çağırılıblar. Ciddi qanun pozuntularına yol verən, fərqlənmə nişanı olmayan sürücülərə qarşı İXM-nin mvafiq maddələrinə uyğun cərimələr tətbiq edilib.
Bu istiqamətdə reydlər aidiyyəti qurumlarla birgə mütəmadi davam etdiriləcək və daimi xarakter daşıyacaq.
Xatırladaq ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov deyib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var.