CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentdə tıxac müzakirəsi: Dənizdən istifadə edək

Deputatın fikrincə, bu halda Bakıdan Sumqayıta, eləcə də Günəşli, Əhmədli və digər nöqtələrə dəniz vasitəsilə gediş-gəliş mümkün olar, avtomobil yollarının yükü də azalar.
Sputnik
BAKI, 21 oktyabr - Sputnik. "Dənizdən istifadə tıxac probleminin aradan qaldırılmasına ciddi dəstək ola bilər. Qonşumuz Türkiyənin belə bir təcrübəsi var, biz də bundan yararlanmalıyıq”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.
O bildirib ki, əslində bunun üçün bir neçə dayanacaq qurmaq lazımdır. Bu halda Bakıdan Sumqayıta, eləcə də Günəşli, Əhmədli və digər nöqtələrə dəniz vasitəsilə gediş-gəliş mümkün olar, avtomobil yollarının yükü də azalar. Eyni zamanda velosiped yollarının çəkilməsi ilə bağlı iş gücləndirilməlidir.
Deputat təklif edib ki, insanlar arasında ictimai nəqliyyat təşviq edilməlidir.
Qeyd edək ki, Bakının tıxac problemi hər kəsi narahat edən məsələyə çevrilib. Bu problemi kimi avtomobil sayının artması, kimi də paytaxtda əhalinin artımı ilə izah edir.
Xatırladaq ki, ötən həftə Baş nazir Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair işçi müşavirə keçirilib. Nazirlər Kabinetindən verilən məlumata görə, müşavirədə cari ilin 3 oktyabr tarixində keçirilmiş geniş müşavirə zamanı ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunub.
Müzakirə zamanı ötən müşavirədə verilmiş tapşırığa əsasən hazırlanmış, Bakı şəhərində avtomobil nəqliyyatı sahəsində mövcud olan və qısa müddət ərzində həlli mümkün sayılan problemlərə dair Tədbirlər Planının ilkin layihəsi təhlil edilib. Tədbirlər Planına yolların buraxılış imkanlarının artırılması, ictimai nəqliyyatın daşıma potensialının genişləndirilməsi, yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və başqa məsələlər daxildir. Müşavirədə habelə ictimai nəqliyyat sahəsində struktur islahatlarının davam etdirilməsi, inzibati, infrastruktur və təşkilatı tədbirlərlə bağlı məsələlər müzakirə olunub və konkret zaman ərzində yerinə yetirilməli olan tapşırıqlar verilib.