SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğandan Azərbaycan səfəri ilə bağlı önəmli açıqlamalar: Şuşada Baş konsulluq açılacaq

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin Cənubi Qafqazdakı ortaq maraqları sülh və sabitliklə bağlıdır.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. "Zəngilan Hava Limanı regionun dünya ilə əlaqəsinin gücləndirilməsi üçün strateji həmlədir".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Dövlət başçısı oktyabrın 20-də Azərbaycana səfərindən danışıb: "Zəngilan və Cəbrayıl rayonlarına işgüzar səfərimiz uğurla başa çatdı. Zəngilan Beynəlxalq Hava Limanının açılışını əziz qardaşım İlham Əliyevlə birgə həyata keçirdik. Zəngilan aeroportu təkcə Azərbaycan deyil, bütün region üçün əhəmiyyətlidir. Regionun dünya ilə əlaqəsinin yenidən qurulmasının gücləndirilməsi nöqteyi-nəzərdən strateji həmlədir. İnşallah, bu addımları Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə daha da qüvvətləndirəcəyik. Biz də Şuşada Baş konsulluq açırıq".
O, regionda avtomobil yolları ilə yanaşı, dəmir yollarının da çəkilməsinin vacibliyini vurğulayıb: "Bunlar başa çatan kimi artıq Şuşaya yol açılacaq. Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq".
R.T.Ərdoğan Şuşanın Azərbaycanın ən mühüm cazibə mərkəzi olduğunu bildirib: "İlham bəy (Azərbaycan Prezidenti İlham Əliyev - red.) bundan sonra tikiləcək hotellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Çünki o nöqtədə atılacaq addımlar var. Amma həqiqətən də cənab Prezident dayanmır. Çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, o binalarla bura bir hərəkət gətirdi. Amma Şuşaya qoyulacaq mehmanxana investisiyaları onu həm də cazibə mərkəzinə çevirəcək. Biz də Şuşada Baş konsulluq açırıq".
"Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi və sülh sazişinin imzalanması regionun normallaşması üçün mühüm addım olacaq", - deyə Türkiyə lideri bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin Cənubi Qafqazdakı ortaq maraqları sülh və sabitliklə bağlıdır: "Uzun illərdən sonra regionda daimi sülhü təmin etmək üçün imkanlar yaranıb. Ermənistandan gözləntimiz bu tarixi fürsəti qiymətləndirməkdir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Türkiyə-Ermənistan əlaqələrinə də təsir göstərəcək. Qardaş Azərbaycanla əməkdaşlığımızı "bir millət, iki dövlət" prinsipi ilə davam etdirməkdə israrlıyıq".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana işgüzar səfər edib. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Zəngilan Beynəlxalq Hava Limanının açılışını edib, bir sıra layihələrin təməlini qoyub.