Payız mövsümündə hər zaman yuxarı tənəffüs yolları - kəskin respirator virusların artdığını müşahidə edirik. Ötən illə müqayisədə koronavirusla bağlı rəqəmlərdə azalmalar var. Lakin mövsümi viruslarla bağlı vəziyyət elə ötən ildə olduğu kimidir. Ümumi statistika qənaətbəxş və sevindiricidir.
Bunu Sputnik Azərbaycan-ın Multimedia mərkəzinin qonağı olan Mərkəzi Neftçilər Xəstəxanasının infeksionisti Natiq Əliyev həm koronavirus, həm də mövcud viruslarla bağlı danışarkən deyib.
O bildirib ki, koronavirus dövründə də yuxarı və aşağı tənəffüs yolu infeksiyaları - xüsusən də ağırlaşmış vəziyyətdə pnevmaniyalar infeksion xəstəliklər nəticəsində baş verən ölümlərdə birinci, ümumi ölümlərdə isə hər zaman üçüncü olub:
"Koronavirus zamanı da ağırlaşmalar əsasən bu səbəbdən olurdu. Əvvəllər sentyabrda məxmərək, suçiçəyini daha çox müşahidə edirdiksə, hazırda yuxarı tənəffüs yolları xəstəlikləri daha çox yayılıb. Hazırda yayılan infeksion xəstəliklər sırasında influenza, koronavirus, rotavirus daha çoxdur. Koronavirus olmayan dövrlərdə də hər zaman insanlara, xüsusən də risk qrupu olan şəxslərə çağırış edirik ki, qrip - yəni, influenza adi virus deyil. Qripin törədici faktoru influenzadır. Çünki yuxarı tənəffüs yolu viruslarının hər birinin özünün kliniki gedişi var".
Həkim qeyd edib ki, iki il kornavirus dövrü yaşayan bir toplum olaraq bizim hazırda müəyyən tərəddüdlərimiz, qorxularımız var. İnsanlar qorxur ki, qripə yoluxsalar, koronavirus olarlar. Xüsusən də koronavirus olub, xəstəliyi daha ağır keçirənlərdə bu qorxu olur:
"Son zamanlar daha müsbət nəticələr əldə etmişik. Aktiv şəkildə xəstələrlə işləyən infeksionist olaraq qeyd edə bilərəm ki, xəstə koronavirus olsa belə, onu daha yüngül şəraitdə keçirir".
N.Əliyev qeyd edir ki, belə xəstələr üçün ambulator şəraitdə müalicə kifayət edir, nəticədə stasionar müalicə ilə bağlı rəqəmlər kifayət qədər aşağı düşür:
"Koronavirusla bağlı xəstəliyin gediaştında hansısa artım gözlənilmir. Lakin artım olarsa belə, biz artıq buna hazırıq. Həm xəstəxanalar, maddi-texniki baza, həm də həkimlərin hazırlıq səviyyəsi bizə imkanlar verir".
Koronavirus bizə nə qazandırdı?
Həkim deyir ki, koronavirusun bizə qazandırdığı müsbət nüanslar da var: "Unutduğumuz sadə bəsit addımları bir daha xatırladıq. İlk olaraq daha məsuliyyətli olmaq lazımdır. Kimsə özündə narahatlıq hiss edirsə, klinik vəziyyət keçənə qədər ən azı 2-3 gün evdə özünü izolyasiya etməli və müalicə almalıdır. Bundan başqa, digər gigiyena qaydalarına da əməl etmək lazımdır".
O bildirir ki, təkcə influenza deyil, digər bakterial infeksiyalardan qorunmaq üçün ilk növbədə orqanizmimizi möhkəmləndirməliyik:
"Bəzən insanlarda belə yanlış düşüncələr olur ki, möcüzəvi dərmanlar hesab etdikləri preparatlarla immun sistemlərini möhkəmləndirə bilərlər. Təəssüf ki, belə möcüzəvi dərmanlar yoxdur. Bu dərmanların əvəzinə immun sistemimizi möhkəmləndirmək üçün sadə şərtlərə əməl etməliyik".
Soyuq aylarda immun sistemini möhkəmləndirmək üçün nələr etməliyik?
Həkim bildirir ki, bunun üçün ilk növbədə orqanizmimizin maye balansını mütləq şəkildə qorumalıyıq:
"Maye balansımızı kifayət qədər təmin etməliyik ki, maddələr mübadiləsi yaxşı getsin, elektrolit balans düzəlsin, virusla mübarizə aparmaq üçün bir mexanizm sistemimiz olsun. Bundan başqa, maksimum səviyyədə stress faktorundan uzaq olmaq lazımdır. Çünki stress immun sistemini çökdürür və zəifləmiş immun sistemi də viruslarla mübarizə aparmağa imkan vermir. Qidalanma rejiminə xüsusən diqqət etmək lazımdır".
İnfeksionist bildirir ki, maye balansında çəki, boy da önəmlidir: "Gün ərzində az su içən birisinə "gündəlik iki litr su iç" deyə bilmərik. Belə olan halda şəxsdə qusma kimi şikayətlər də ola bilər. Çünki bədənin immun sistemi bu prosesə cavab verməlidir. Yəni orqanizmi öyrəşdirərək maye həcmini artırmaq olar. Mayenin tərkibinə təbii otlar, bitkilər, zəncəfil də əlavə edə bilərik. Bal da qatmaq olar".
Kor-koranə diyetada olmaq zərərlidir
N.Əliyevin sözlərinə görə, xüsusən də qadınlar detoks qidalanmaya, qida rasionundan bəzi qidaları çıxarmağa üstünlük verirlər və bu, düzgün şəkildə icra olunmur:
"Diyeta zamanı da zülal, karbohidrat, yağ balansı mütləq şəkildə qorunmalıdır. Xüsusən də payız-qış aylarında vitaminlərə böyük ehtiyac var. Belə olan halda D vitamini, B qrup vitaminləri və bəlli vitamin kompleksləri qəbul etməliyik. Mövsümi qidalardan bu vitaminləri əldə edə bilərik. İş şəraitimiz buna imkan vermədiyi, günəş şüalarını da kifayət qədər qəbul etmədiyimiz təqdirdə həkim məsləhəti ilə bədənizimin gündəlik tələbatını ödəyəcək qədər multivitamin komplekslərindən istifadə edə bilərik".
Qrip vaksinləri nə dərəcədə əhəmiyyətlidir?
Həkimin fikrincə, hazırda poliklinikalarda qrip vaksinlərinin toplanıb qalmaması, istifadə edilməsi sevindiricidir:
"Beş il öncə vəziyyət fərqli idi, insanlar qripə qarşı vaksinləşməyə üstünlük vermirdi. İndi isə buna meyl artıb. Oktyabr, noyabrın sonlarınadək qrip vaksinləri vurdurmaq vacibdir. İnsanlar kəskin viruslardan - yuxarı və aşağı tənəffüs yolu infeksiyalarından qorunmaq üçün ən ideal variant olaraq qrip vaksini vurdurmalıdırlar. Vaksinasiyanın əhəmiyyətini biz koronavirus zamanı da gördük. Vaksinləşmədən sonra kütləvi immunitet yarandı".
Həkim vaksinlərlə bağlı bəzi mifləri də tənqid edib:
"Bəzən deyirlər ki, vaksin vurdurdum, bəs niyə xəstələndim? Əslində vaksin sadəcə olaraq xəstəliyi ağır keçirməkdən qoruyur. Yaşı 65-dən yuxarı olanlar, ağciyər xəstəlikləri, ürək xəstəlikləri, şəkər xəstəliyi, xronoloji xəstəlikləri olanlar, hamilələr (bəlli trimestrdə), xüsusən də uşaqlara qrip vaksininin vurulması tövsiyə olunur. Çünki uşaqlar virusun yayılmasında birbaşa daşıyıcı rol oynayırlar".
Həkim özü sağlam qalmaq üçün nələr edir?
N.Əliyev bildirir ki, bir həkim olaraq ilk növbədə maye balansını saxlamağa çalışır.
"Gigiyenik vəziyyətindən əmin olmadığı əşyalara toxunduqdan, adamlarla əllə görüşdükdən sonra mütləq şəkildə ya əllərimi yuyuram, ya da dezinfeksiya edirəm. Kütləvi bir yerdə olanda maska taxıram, ara məsafəni gözləyirəm. Məsələn, banklarda müşahidə edirik ki, heç bir ara məsafə gözlənilmir. Bu isə risklidir", - həkim əlavə edib.