BAKI, 21 oktyabr-Sputnik. "Azərbaycana qarşı diplomatik-siyasi təzyiq həlledici mərhələyə daxil olub. Belə bir vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa Zəngilana, Cəbrayıla gəlməsi, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi ölkəmizə edilən hücumlara zərbə vurdu".
Bunu parlamentin bugünkü iclasında çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, Ermənistan ərazilərinin ələ keçirilməsindən danışan Avroparlament, AŞPA və onlarla dövlətin XİN-ləri, Avropa İttifaqından Ermənistana 40 nəfərlik hərbi taborun gəlməsi, dünən isə ATƏT-in kəşfiyyat missiyasının İrəvanda mənzillənməsi, 18 oktyabrdan İran ordusunun başlatdığı hərbi təlimlər bütövlükdə regionda silahlı toqquşmalara zəmin hazırlayır:
"Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır, Ağdamda yerləşən Rusiya-Türkiyə hərbi mərkəzini bölgədən çıxarıb NATO qüvvələrini sərhəddə yerləşdirməkdir. Lakin Ali Baş Komandan İlham Əliyev Şuşa bəyannaməsini Ermənistana deyil, ölkəmizə və Türkiyəyə təhlükə törədən dövlətlərə qarşı imzalayıb. Qərbin hazırki mülki kontingenti İranın yanlış siyasətinə görə regiona gəldi. Son 30 ildə o bölgələrdə bir dəfə də olsun hərbi təlim keçirməyən bir dövlət Ermənistanın ərazi bütövlüyünü qoruyanda bilməliydi ki, bir gün qarşısında NATO emissarlarını görəcək".
"İran ordusu "Zəngəzur dəhlizi"ni deyil, "Araz koridoru"nun açılması təhlükəsini qabaqlamaq üçün İrəvanı tutmağa çalışır. Bizim İranla dövlətlərarası sərhədlər müəyyənləşib, lakin kimsə Ermənistan kimi İranla da yeni sərhəd istəyirsə, tarixi geriyə çevirər. Qoşunlarını sərhəddə yığıb oranı cəbhə xəttinə çevirmək Ermənistanı Qafqazın Ukraynasına, Yaxın Şərqin Suriyasına döndərər", - deyə o qeyd edib.
Deputat bildirib ki, Ermənistana ən yaxşı təhlükəsizlik təminatını Azərbaycan və Türkiyə verə bilər. Əgər onlar avantüraya gedib sülh müqaviləsini imzalamasalar, Ermənistan özü boyda koridora çevriləcək:
"Biz İran, Rusiya, ABŞ, İsrail və bütün dövlətləri Türkiyə lideri kimi gəlib azad torpaqlarda Prezident İlham Əliyevlə sülh və quruculuq müqaviləsi imzalamağa çağırırıq".